BAKI, 19 dekabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov nizam-intizam tədbirlərini bir qədər də sərtləşdirib.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, o, artıq futbolçuları yeni kodekslə tanış edib.
Buna əsasən, yersiz sarı və qırmızı vərəqə alan, hakimlə mübahisə eləyən oyunçular əvvəlkindən iki-üç dəfə artıq məbləğdə cərimələnəcək.
Daxili intizam qaydalarına barmaqarası yanaşanlar aylıq əməkhaqqının yarısını klubun hesabına geri qaytarmalı olacaq.
Sonuncu dəfə Qurban Qurbanovun qəzəbinə tuş gələn Kevin Medinadır. Buna səbəb kolumbiyalı legionerin "Qəbələ" ilə keçirilən Azərbaycan Premyer Liqasının XII tur oyununda etdiyi hərəkətdir. Cənubi amerikalı matçın 69-cu dəqiqəsində cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə sillə vurub. Lakin matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb. Halbuki qaydalara əsasən, həmin epizodda kolumbiyalı meydandan qovulmalı, Ağdam təmsilçisinin qapısına isə penalti təyin olunmalı idi. Qurbanovu hiddətləndirən Medinanın davamlı olaraq bu cür idmançıya yaraşmayan hərəkətlərə əl atmasıdır. Kolumbiyalı bundan dolayı artıq iki dəfə qırmızı vərəqə alıb.
Ötən mövsümün "Zirə" və "Neftçi" ilə oyunlarını yada salaq. "Zirə"nin mozambikli yarımmüdafiəçisi Klesio Bauku topsuz epizodda təpikləyən müdafiəçi həmçinin "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kanenin üzünə zərbə endirib. "Qarabağ"ın hər iki matçda xal itirməsini də xatırladaq: müvafiq olaraq, 1:1 və 1:2 (sportinfo.az).
Medina bu olaylar səbəbindən hər dəfə maaşının bir hissəsindən məhrum edilib. İndi isə onu daha böyük məbləğdə cərimə gözləyir. Təqribən 10 min dollar.