İDMAN

"Qarabağ"ın yeni Rus futbolçusu, tanıyaq - VİDEO

Ukrayna "Minay"ının keçmiş oyunçusu nəyə görə "Qarabağ"ı və 97-ci nömrəni seçdiyini, eləcə də niyə Rus çağırıldığını açıqlayıb.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Ağdamın "Qarabağ" klubunun yeni oyunçusu Rüstəm Əhmədzadə Azərbaycan komandasına gəldiyində necə qarşılandığı, burada nəyə təəccübləndiyi və ayaması haqda danışıb.
Cümə axşamı "Qarabağ" 21 yaşlı azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə ilə müqavilə imzaladığını bəyan edib. Əhmədzadə Ukraynanın "Minay" komandasından gəlib.
İmza törənindən sonra Ağdam klubu özünün rəsmi YouTube kanalında yeni oyunçusu ilə blits-müsahibəni yayımlayıb. Futbolçu Ukraynada doğulduğunu, amma köklərinin Azərbaycana bağlı olduğunu deyib. Həmçinin niyə məhz 97 nömrəsini seçdiyini də izah edib.
"9 və 7 rəqəmlərindən xoşum gəlir, belə hiss edirəm ki, uğurlu olmaq, qollar vurmaq üçün 97 nömrəsi mənə uyğun gələcək", - Əhmədzadə deyib.
Gənc futbolçu həmçinin Ağdam klubunda nələrə təəccübləndiyini də deyib.
"Peşəkar yanaşma, yaxşı münasibət təəccübləndirdi. Məni xoş qarşıladılar, yaxşı münasibət göstərdilər. Klubda əla, çox gözəl ab-hava var. Şərtlər yüksək səviyyədədir, futbol üçün hər şey edilir. Bu mənim üçün irəliyə böyük addımdır", - Əhmədzadə vurğulayıb.
"Qarabağ"ın yeni oyunçusu Ukraynada və burada necə çağırıldığını da deyib: "Həmişə adımla, Rüstəm çağırırdılar, indi isə qısaca Rus deyirlər".
Rüstəm bildirib ki, əgər futbolçu olmasaydı, kiberidmanla məşğul olardı.
Xatırladaq ki, Azərbaycanın vitse-çempionu UEFA Konfrans Liqasının pley-off mərhələsinə çıxıb. O, 1/8 finala adlamaq üçün Marselin "Olimpik" komandası ilə üz-üzə gələcək. İlk oyun fevralın 17-də Marseldə, cavab görüşü isə fevralın 24-də Bakıda keçiriləcək.
Həmçinin "Qarabağ" 2021/22 mövsümünün ilk yarısını PFL-də lider kimi başa vurub. İlin son oyununda "Zirə"yə 2:0 hesabla qalib gələn komanda 33 xalla turnir cədvəlinə başçılıq edir.