BAKI, 18 dekabr — Sputnik. Planeti bürüyən enerji və maliyyə böhranı məntiqi olaraq növbəti mərhələyə, kifayət qədər resurslara malik dövlətlərin dünya xəritəsini yenidən formalaşdırmağa başlayacağı dönəmə qədəm qoydu. Özü də tanklardan və döyüş təyyarələrindən istifadə etmədən.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, bu ölkə gələn ilin əvvəlində Avstraliya və Qətəri keçərək, mayeləşdirilmiş təbii qaz (MTQ) üzrə dünyanın aparıcı ixracatçısı olmağa hazırlaşır.
Bu hadisə, məsələn, hipersəsli raketlərin və yeni nəsil nüvə sualtı qayığının silahlanmaya qəbulundan heç də az əhəmiyyət kəsb etmir. Səbəbini açıqlayaq.
Dekabrın ortalarından etibarən enerji qiymətləri tarixi maksimumundan enməsə də, artıq rekordunu təzələmir. Bütövlükdə Avropada spot müqavilələri üzrə min kubmetr təbii qazın qiyməti 1400 dollar civarında qalıb, konkret olaraq Almaniyada isə bir meqavatt-saat elektrik enerjisinin qiyməti iki yüz avronu ötüb.
İlk baxışdan belə görünür ki, Rusiya şirkətlərinin təklif etdikləri enerji ehtiyatlarının tədarükü üçün standart uzunmüddətli müqavilələrin səmərəsi və faydası barədə daha inandırıcı sübut ola bilməz. Amma yox, təcrübə göstərir ki, energetiklər və siyasətçilər fərqli, kəsişməyən dünyalarda yaşayırlar.
O da məlum olub ki, Avropa Komissiyası yaxın gələcəkdə uzunmüddətli müqavilələrin bağlanmasını qadağan edəcək, daha doğrusu, ölkələr və dövlət şirkətləri 2049-cu ilə qədər tədricən bu cür əmtəə-pul münasibətlərindən imtina etməyə məcbur ediləcəklər.
Brüssel hətta bunun 2020-ci ilin sonuna olan məlumatlara əsasən, Avropanın istehlak etdiyi bütün təbii qazın üçdə birini təmin edən Rusiyaya zərər vurmaq üçün edildiyini belə gizlətmir.
Kütləvi spot müqavilələri ideyasının özü əvvəlcə geniş ictimaiyyətə büdcə xərclərini azaltmaq üçün bir vasitə kimi təqdim edildi. Çünki müasir bazar nəzəriyyəsi iddia edir ki, birdəfəlik müqavilələr inhisarların (oxu: rus inhisarının) formalaşmasına imkan vermir və həmişə qiymətin aşağı düşməsinə səbəb olur. Amma ötən il göstərdi ki, heç bir qayda aksiom sayıla bilməz və rusofobiyadan əziyyət çəkən Brüsselin qarşısın almaq artıq mümkün deyil.
Bu cür hadisələr həmişə kənardan kortəbii təsir bağışlayır, amma heç də elə deyil. Bazar oyunçuları bu siyasi və iqtisadi cəhətdən olduqca absurd sxemin yaradılmasını çoxdan izləyirdilər. Və onların planları yeni, əvvəldən nəzərə çarpmayan tendensiyaları anlamaq üzərində qurulmuşdu.
Amerikalıların haqqını verək. Əfqanıstandan qaçışdan sonra hərbi işləri heç də yaxşı getməyən ABŞ qlobal maliyyə küləyinin dəyişməsini düzgün tuta bildi. Və əlbəttə ki, geosiyasi cəhətdən də. Axı dünya arenasında yalnız kifayət qədər resursu malik ölkələr müəyyən çəkiyə sahibdir.
ABŞ hələ 2020-ci ildə mayeləşdirilmiş təbii qazın ilk üç dünya ixracatçısından birinə çevrilib. Yalnız Avstraliya və Qətər bu sahədə ABŞ-dan irəlidədir. Həmin ölkələr bu ilin əvvəlindən xaricə müvafiq olaraq 75,8 və 73,4 milyon ton maye qaz satıb. Amerikalılar üçün bu rəqəm 66,5 milyon ton və ya 91 milyard kubmetrdir ki, bu da çox böyükdür. Üstəlik, yaxın aylarda ABŞ bütün rəqiblərini sıxışdırmağa hazırlaşır.
Luiziana ştatında 5,2 milyon ton tutumlu "Sabine Pass" mayeləşdirilmiş təbii qaz zavodunun altıncı növbəsi artıq istismara verilib və on milyon ton tutumu olan "Calcasieu Pass" zavodu da istismara veriləcək. Üstəlik, Federal Enerji Tənzimləmə Komissiyası (FERC) bu yaxınlarda Texas ştatındakı "Corpus Christi" zavodunda istehsalın artırılmasını təsdiqləyib. 2024-cü ildə tamamlanması nəzərdə tutulan "Golden Pass" adlı tamamilə yeni bir müəssisənin tikintisi də plana daxildir.
Göründüyü kimi, Vaşinqton məsələyə son dərəcə geniş və hərtərəfli yanaşıb. Əlavə xəbər kimi Amerika vəsaitlərinin xaricdə yeni enerji müəssisələrinin tikintisinə yatırılmasına bu yaxınlarda birbaşa Co Bayden tərəfindən qoyulmuş qadağanı da qeyd edə bilərik.
Avstraliya və Qətərin bu barədə nə düşündükləri hələlik məlum olmasa da, heç kəsin bazardakı payından və mənfəətindən imtina etməyəcəyinə şübhə yoxdur.
Digər ölkələr də qlobal mühitdəki dəyişikliyi başa düşdülər. Məsələn, Misir dünya səviyyəli oyunçu kostyumu geyinməyə çalışır. Əvvəlcə Yaxın Şərqdə alovlanan "ərəb baharı", daha sonra isə Türkiyə ilə qarşıdurma səbəbindən son vaxtlara qədər bu ölkənin mayeləşdirilmiş təbii qaz layihələri dayandırılmışdı. Ancaq bu yaxınlarda məlum oldu ki, Misirin EGAS LNG şirkəti ilin sonuna qədər bütün tender müqavilələrini bağlayıb, yəni Misirin bütün mayeləşidirilmiş təbii qazı satılıb. Ən zəngin karbohidrogen ehtiyatlarına malik regionda enerji böhranı müşahidə olunur və bu özünü elə kəskin şəkildə göstərir ki, Livanın baş naziri bu yaxınlarda əlavə qaz tədarükü ilə bağlı Misir prezidentinə rəsmi şəkildə müaricət edib, çünki ölkədə ümumi enerji çatışmazlığı yaşanır.
Qahirə ixracatçı statusunun vəd etdiyi faydaları yaxşı başa düşür və bu məqsədə çatmaq üçün görünməmiş addımlar atdı. Hasilatı artırmaq üçün Misir İsraildən qaz almağa başladı - İsrailin Aşkelon limanından Misirin Əl-Əriş şəhərinə qaz kəməri çəkildi.
Misirlilər hazırda Kiprlə təbii qazın Misirin mayeləşdirmə terminallarına göndəriləcəyi başqa bir magistralın tikintisi ilə bağlı danışıqlar aparırlar. Bir sözlə, burada təəccüblü heç nə yoxdur - tələb və yüksək qiymətlər təklifi doğurur.
Bəs Rusiya necə? Doğrudanmı biz yenə hər şeyi əldən verdik?
Qətiyyən! "Novatek" şirkəti bu yaxınlarda xarici investorlarla dəyəri 20 milyard dollardan çox olan müqavilə bağlayıb.
"Arktik – 2" birgə layihəsi ümumi gücü 19,5 milyon ton və ya 27 milyard kubmetr olan Salmanovskoye və Ştormovoye yataqlarından alınan təbii qazın mayeləşdirilməsi üçün zavodun tikintisini nəzərdə tutur. Hər üç istehsal xətti 2025-ci ilə qədər istismara veriləcək və Yamalda istehsal olunan mayeləşdirilmiş təbii qazın miqdarını iki dəfə artıracaq.
Bugünkü söhbətimizin əvvəlinə qayıtsaq, qeyd etməliyik ki, ABŞ Avstraliya və Qətər kimi Asiyanı da ənənəvi olaraq sənaye və demoqrafik baxımdan sürətlə böyüyən əsas bazar kimi görür. Rusiyanın payına isə inadla spot müqavilələrinə keçid tələb edən və buna görə yenə ruslara plandan artıq ödəniş etmək məcburiyyətində qalacaq Avropa düşür. Sadəcə ona görə ki, Rusiyadan başqa heç bir ölkə "Köhnə Dünya"ya kütləvi şəkildə mayeləşdirilmiş təbii qaz göndərməyi planlaşdırmır.
Bunun təsdiqi kimi qəttəzə faktı göstərmək olar. "Coral Fungia" şirkətinə məxsus qaz daşıyıcısı bu günlərdə Klaypeda limanına gəlib və beləliklə, son bir həftə ərzində Rusiya yanacağının ikinci partiyasını Litvaya çatdırıb. Həmən o Litvaya ki, hazırda iki Baltikyanı qonşusu Rusiya və Belarusdan elektrik tranzitinin bərpasına çalışır.
Avropa, sadəcə olaraq, ölkəmizlə əməkdaşlığa məhkumdur - və mövcud tendensiyaları nəzərə alsaq, bu, ən azından tərəflərdən biri üçün faydalı olacaq.
Həmçinin oxuyun:
Pekindən Moskvaya jest: Əlaqələrimiz müttəfiqlikdən də artıqdır