İQTİSADİYYAT

Gələn il kimlərin maaşından daha çox rüsum tutulacaq

Yanvardan bəzi vətəndaşların əməkhaqqından tutulan məbləğ artacaq. İcbari tibbi sığorta haqqı kimin büdcəsini azaldacaq, kimlər üçün güzəştlər olacaq - Sputnik Azərbaycan-ın məqaləsində
Sputnik
BAKI, 17 dekabr — Sputnik. 2022-ci ildən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manatadək olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, indiyədək bu, 1% idi. Başqa sözlə, bu sektor üzrə icbari tibbi sığorta haqqının məbləğinə edilən 50 faizlik güzəşt bu ildən ləğv edilir. İndiyədək qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1% həcmində icbari tibbi sığorta haqqı tutulurdu. Məsələn, işçinin aylıq əməkhaqqı 1500 manatdırsa, onun əməkhaqqından 2%, yəni aylıq 30 manat icbari tibbi sığorta haqqı tutulacaq. İndiyədək isə həmin işçidən aylıq 15 manat tutulurdu. Həmçinin, işəgötürən işçi üçün həmin məbləğin 2%-ni, aylıq 30 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Öncə investisiya etmək lazım idi

İqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a açıqlamasında qeyri-dövlət və qeyri-neft sektorunda çalışanların əməkhaqqından icbari tibbi sığorta üçün tutulan məbləğin artırılmasını doğru hesab etmir: "Çalışanların maaşından bu istiqamətdə tutulmanın 2 dəfə artırılması sosial baxımdan doğru deyil. Onsuz da onların əməkhaqqından yetərincə tutulmalar var. Bizdə orta əməkhaqqının məbləği o qədər də yüksək deyil. İlk növbədə bu sektora investisiyalar qoyulmalı idi".

Səhiyyə müəssisəsi az, imkanlar məhdud

O bildirib ki, bu ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edib: "Amma təəssüf ki, vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərən səhiyyə müəssisələrinin sayı azdır. Eyni zamanda həmin müəssisələrin maliyyə imkanları da məhduddur".

İcbari tibbi sığorta haqları 1 yanvar 2021-ci ildən toplanılır

Xatırladaq ki, 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb.

Kimlər icbari tibbi sığorta haqqı ödəyir?

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə icbari tibbi sığorta haqqını onları xidmətlərə cəlb edən şəxslər ödəyirlər. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i həcmində icbari tibbi sığorta haqqı ödənilir. Məsələn, aylıq 500 manat gəlir əldə edirsənsə, onun 2%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödənməlidir.
Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyirlər. Minimum maaş dəyişən zaman icbari tibbi sığorta haqqı da dəyişəcək.
Onu da qeyd edək ki, kalkulyatordan istifadə etməklə siz əməkhaqqınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini özünüz də hesablaya bilərsiniz. Bunu necə etmək lazım olduğunu Sputnik Azərbaycan-ın hazırladığı videoda da görə bilərsiniz:

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Həmin şəxslərin icbari tibbi sığorta haqqını dövlət ödəyir.

Xidmətlər Zərfi

Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
Təcili və təxirəsalınmaz tibbi yardım; ilkin tibbi-sanitariya yardımı; ambulator xidmət; stasionar xidmət; funksional-diaqnostik və laborator müayinələr; fizioterapevtik xidmətlər; cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlar).
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.
Eləcə də oxuyun:
* Dövlət orqanları pullu xidmətin tarifini müəyyənləşdirəcək - Prezidentdən mühüm fərman
* İcbari tibbi sığortaya bir milyarddan çox vəsait ayrılacaq
* Xəstəxanalar birləşdirilir - Siyahı
* Daha hansı xidmətləri pulsuz alacağıq? Rəsmi cavab