SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qırmızı xətlər - Bakının Brüsseldə Belarusu dəstəkləməsinin səbəbi nə idi

Millət vəkili və politoloq rəsmi Bakının yürütdüyü siyasətdə qoyulan qırmızı xətlərin müəyyən qismini açıqlayblar.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Çərşənbə günü, dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti keçirilib. Sammit çərçivəsində Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova – red.) liderləri birgə sənəd imzalayıblar. Sənəddə proqrama üzv ölkə - Belarusla bağlı ayrıca bənd olub.
Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmaqdan imtina edib. Bununla da Azərbaycan özünə dost ölkə hesab etdiyi Belarusu dəstəklədiyini nümayiş etdirib.
Bakının bu jesti rəsmi Minsk tərəfindən də yüksək dəyərləndirilib. Sputnik Azərbaycan baş verənlər barədə Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu Nağıyev və politoloq Tural İsmayılovla həmsöhbət olub.
Deputat xatırladıb ki, Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ildə yaranıb. Əsas məqsəd proqram iştirakçıları - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusun yumşaq avrointeqrasiyası idi: "Rusiya da təbii ki, bunun əleyhinədir. Rəsmi Moskva düşünür ki, Aİ bu layihəni həyata keçirməklə regionda Rusiyanın maraqlarına maneə törədir və öz geosiyasi maraqlarını diktə etməyə çalışır".
Azərbaycanın Şərq Tərəfdaşlığı bəyanatının Belarusla bağlı bəndinə qoşulmamasına münasibət bildirən Arzu Nağıyev qeyd edib ki, bu, rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasəti ilə bağlıdır: "Məlumdur ki, ölkəmizin siyasəti ilə bağlı hər hansı bir xarici qüvvə, güc bizə ciddi təsir edə bilməz. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var.
Azərbaycan və Belarus arasında əlaqələr yüksək səviyyədədir. Rəsmi Bakı bir daha nümayiş etdirdi ki, Azərbaycan üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir".
Politoloq Tural İsmayılov isə hesab edir ki, Avropa İttifaqı uzun müddətdir ki, Belarusa qarşı birtərəfli mövqe göstərir: "Belarusun xarici siyasətdə Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamağı hansısa formada Aİ-ni və ya Qərb qurumlarını təhdid etmir. Lakin buna baxmayaraq, Qərbin siyasi mərkəzləri tərəfindən daima Belarusa qarşı siyasi, mənəvi, psixoloji hücumlar təşkil edilir. Buna cavab olaraq da Belarus Şərq Tərəfdaşlığı Proqramına üzvlüyünü saxlayıb.
Düşünürəm ki, dünən Şərq Tərəfdaşlığı samitində Belarusa qarşı növbəti haqsızlıq edildi, Belarusu miqrant böhranının yaradılmasında ittiham etməyə çalışdılar. Azərbaycan isə Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanatının Belarusla bağlı 11-ci bəndinə qoşulmadı. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də sammit çərçivəsində vurğuladı. Ümumi götürsək, Azərbaycanın Belarusla kifayət qədər yüksək səviyyədə olan ikitərəfli münasibətləri var".
İsmayılov qeyd edib ki, Azərbaycan bir daha Ermənistandan fərqli olaraq ikiüzlü siyasət həyata keçirmədiyini və daim öz qonşuları, müttəfiqləri ilə səmimi münasibət formalaşdırdığını göstərdi: "Azərbaycanın Belarusla bağlı olan bəndə imza atmaması bir daha onu göstərir ki, ölkəmiz üçün qırmızı xətlərdən biri başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipidir".
Eləcə də oxuyun:
* Azərbaycan "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində Belarusla bağlı bəndə qoşulmayıb
* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
* İlham Əliyev Şarl Mişellə görüşdü - Yenilənib
* Fransa prezidenti Azərbaycan dilində danışır?