CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlərin boş qalan mənzillərini nazirlik satacaq - Bəs pulu?

Mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin sayından artıq olduqda həyata keçiriləcək.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhərində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin paytaxtın Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadəsiz qalan mənzilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi satacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün, dekabrın 16-da imzaladığı "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Fərmana uyğun həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mənzillərin satışı onların sayı müvafiq ərazi üzrə uçota alınmış şəxslərin (şəhid ailələri və müharibə əlillərinin, gözdən əlilliyi olan şəxslərin, uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının) sayından artıq olduqda həyata keçiriləcək.
Nazirlik mənzillərin satışından əldə olunan vəsaiti digər rayonlar (şəhərlər) üzrə şəhid ailələri və müharibə əlillərinin, habelə Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün sərf edəcək.
Mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanaraq bir ay müddətində Azərbaycan Prezidentinə təqdim ediləcək.