BAKI, 15 dekabr — Sputnik. “Lotereyalar haqqında” qanuna “virtual lotereya” anlayışının daxil edilməsi təklif olunur.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, layihəyə əsasən, virtual lotereya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və ya mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və ya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.
Virtual mühit lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan texnologiyalardır.
Bununla əlaqədar elektron lotereyanın təsnifatı da dəyişir. Qüvvədə olan qanuna görə, elektron lotereya lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır. Layihəyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata keçirilən lotereya olacaq.
Qeyd edək ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna da müvafiq dəyişiklik təklif olunur.