PAYTAXT XƏBƏRLƏRİ

Bakıda küçələrdən birinə şəhid jurnalistin adı verilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı ilə yeni təmir olunan küçələrdən biri şəhid jurnalistin adını daşıyacaq
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Binəqədi rayonunda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında şəhid jurnalistin qardaşı Əsgər İbrahimov deyib.
O bildirib ki, təxminən bir aydır ki, Binəqədi rayonunda şəhid jurnalist Məhərrəm İbrahimovun adına küçə verilib: "Binəqədi rayon icra başçısının təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən Binəqədi rayonunda küçəyə Məhərrəm İbrahimovun adının verilməsi ilə bağlı sənəd imzalanıb. Küçə özü də yeni salınıb və qardaşımın adı həmin küçəyə verilib".
Onun sözlərinə görə, həmin küçə şəhid jurnalistin yaşadığı evin yaxınlığındadır.
Ailəsi də bu xəbəri xoş qarşılayıb və diqqət, qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Eləcə də oxuyun:
* Məhərrəm üçün bircə Laçınla Kəlbəcər qalmışdı: şəhid həmkarımızı anarkən....
* Azərbaycan jurnalistlərinin Kəlbəcərdə minada həlak olması məsələsi AŞPA-da qaldırılıb
* Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılışı olub