DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rəsmi Yerevan Ankarayla münasibətlərdə yeni dönəm başlatdığını elan etdi

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Rəsmi Yerevan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmaq prosesinə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Onun sözlərinə görə, bu məsələ hazırkı hökumətin proqramında da yer alıb.
"Bu planda biz Türkiyə xarici işlər nazirinin ikitərəfli münasibətlərin nizamlanması məqsədilə xüsusi nümayəndələrin təyin olunması ilə bağlı bəyanatlarını dəstəkləyirik. Biz təsdiqləyirik ki, Ermənistan tərəfi də dialoqun keçirilməsi üçün xüsusi nümayəndə təyin edəcək", - deyə Vaan Unanyan bildirib.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcəyini bəyan edib.
Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.
Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoq üçün təyin olunacaq.
"Yerevana çarter reyslərinə başlayacağıq. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.