“Bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılığa gəlmişik. Həmçinin, avtomobil yolunun inşası ilə bağlı razılıq da əldə etmişik. Lakin avtomobil yolunun istiqaməti hələ dəqiqləşməyib. Bu, gələcək müzakirələrin predmetidir. Biz bu axşam üçtərəfli görüşdə mütləq bu məsələni müzakirə edəcəyik. Zəngəzur dəhlizindən istifadə qaydalarına gəlincə, bu, Laçın dəhlizindəki kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq şəkildə göstərilib ki, Laçın dəhlizi vasitəsilə Azərbaycan Ermənistan və Qarabağ arasında əlaqə üçün təhlükəsiz və maneəsiz giriş təmin edir. Ermənistan da Azərbaycan və Naxçıvan arasında maneəsiz girişi və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük postu yoxdur. Zəngəzur dəhlizində də gömrük postu olmamalıdır. Əgər Ermənistan yükləri və insanları yoxlamaq üçün gömrük postunun qurulmasında israr edərsə, biz də Laçın dəhlizində eyni israrı edəcəyik. Bu məntiqlidir. Bu məsələdə qərar Ermənistanın üzərinə düşür. Biz iki varianta da hazırıq. Ya hər iki tərəfdə gömrük postu olmur, ya da hər iki tərəfdə gömrük postu qurulur”.
“NATO normallaşma istiqamətində bütün səyləri və Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləyir. Prezident İlham Əliyevlə də bu məsələni müzakirə etdik. Üçtərəfli görüş də olacaq. Bu onu göstərir ki, dialoq tərəflər arasında davam edir və normallaşmaya doğru irəliləyir. Zorakılığı, şiddəti yaradacaq bütün addımlardan çəkinmək lazımdır. Həll olunmamış bütün məsələlər diplomatik vasitələrlə həll olunmalıdır. NATO tərəf tutmur. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun dəyərli tərəfdaşıdır. Biz diplomatik, üçtərəfli səyləri, o cümlədən Ermənistan və Azərbaycan arasında normallaşmanı qəti şəkildə dəstəkləyirik”, - Baş katib vurğulayıb.