BAKI, 14 dekabr — Sputnik. Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq: "Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir".
Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: "Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram".
Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. O, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.