SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın qeyd-şərtlə qoşulduğu sənədlər ratifikasiya edildi

Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisdə "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında" Sazişə və "2010-cu il 19 noyabr tarixli "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş"ə dəyişikliklər edilməsi haqqında" Protokola qoşulmaq barədə qanun layihəsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsinə də baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.
QARABAĞ
Azərbaycanın qeyd-şərti dəyişdirilir - Səbəb
Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur. Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.
Qeyd edilib ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli "Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə" Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında" Sazişin müddəalarından irəli gəlir.
Qeyd edək ki, qanun layihəsində deyilir ki, Azərbaycan Respublikası 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında" Sazişə müvafiq qeyd-şərtlə və 2017-ci il 26 may tarixində Kazan şəhərində imzalanmış "2010-cu il 19 noyabr tarixli "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş"ə dəyişikliklər edilməsi haqqında" Protokola qoşulsun.
"Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 1998-ci il 4 dekabr tarixli 564-IQ nömrəli Qanunu ləğv edilsin.
Bir saziş və bir protokol olmaqla iki beynəlxalq sənədin ratifikasiyasını və bir qanunun ləğv edilməsini nəzərdə tutan bir qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, dekabrın 7-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığını, Vətən müharibəsindəki Zəfərimizin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirib: "Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək".