BAKI, 13 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 76,17 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,09 dollar bahalaşaraq 72,76 dollar olub.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 76 dollar təşkil edib. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə təxminən 3 dollar və ya 4,44% çoxdur.
Qeyd edək ki, ötən həftə sonunda investorların bəzi ölkələrdə COVID-19 ilə əlaqəli məhdudiyyətlərin tətbiqi səbəbindən tələblə bağlı narahatlıqları fonunda neft ucuzlaşırdı. Digər tərəfdən, ABŞ Energetika Nazirliyi strateji ehtiyatdan 18 milyon barel neft satışına hazırlaşır. Məqsəd yanacaq bazarında qiymətləri aşağı salmaqdır. Amma hazırda dünya bazarlarında neftin qiymətləri bahalaşır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınıb.
Eyni zamanda, London birjasının açılışında təbii qazın qiyməti birdən-birə 7.5 faiz artıb. Bazar ertəsi mavi yanacağın min kubmetri 1329 dollar qiymətinə qalxıb. Cümə günü isə onun qiyməti 1235,9 dollar idi.
Payızda Avropada təbii qazın qiyməti xeyli artıb. Avqustun əvvəlində yaxın fyuçersin qiyməti Niderland TTF-i üzrə min kubmetr üçün 515 dollar təşkil edib. Sentyabrın sonuna bu göstərici iki dəfə artıb.
Oktyabrda qazın qiyməti tarixi maksimuma çataraq 1937 dollar/1 min m3 olub, sonra isə enməyə başlayıb.
Eləcə də oxuyun:
* Doğru yolla gedərkən: Azərbaycan neftinin bahalaşma səbəbi bəlli oldu
* Beş gün sonra onlarda "buz dövrü" başlayır - "Azəriqaz" xəbərdarlıq etdi