İQTİSADİYYAT

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Gürcüstanın da hökumət nümayəndələri, o cümlədən iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava da iştirak edəcək.
Sputnik
BAKI, 13 dekabr - Sputnik. Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
Sputnik Azərbaycan “Report”-a istinadən xəbər verir ki, forum iki gün davam edəcək. Tədbirdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu diqqət mərkəzində olacaq. Biznes forumunda həmçinin regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər də müzakirə ediləcək.
Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Gürcüstanın da hökumət nümayəndələri, o cümlədən iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava da iştirak edəcək.
Qeyd edək ki, bu yaxınlarda İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər. Bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.
"Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə sərbəst sulara bağlıdır. Gürcüstan Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər. Ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq", - RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayəti deyib.
Həmçinin Azərbaycan Gürcüstanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi "3+3" formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran) da görmək istəyir.
Eləcə də oxuyun:
* Daha yüksək səviyyədə görüş təşkil oluna bilər - Xələf Xələfov
* İran, Azərbaycan və Gürcüstan yeni tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib