YAZARLAR

Hollivudun yaratdığı qorxu adi bir klipə yanaşmada özünü necə göstərdi?

Hərənin bir qorxusu, bir marağı var. Qəribə bir durumdayıq: dilimizdən Allah sözü düşmür, amma rüşvət alıb kimdənsə halallıq istəyirik.
Sputnik
İlahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahinin müəllim rolunda qatıldığı, 12 imam barədə mahnı oxuyan şagirdlərin iştirakı ilə çəkilən klip gözlənilmədən feysbuk sosial şəbəkəsində qızğın müzakirə obyektinə çevrilib. Təhsil Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını da bəyan edib.
Nə qədər qorxu varmış...
Tənqidə məruz qalan Boradigahi klipi sosial mediadan artıq yığışdırıb. Mətbuatın sorğusuna cavab olaraq ilahiyyatçı bildirib ki, klip orta məktəbdə çəkilməyib, sadəcə bir otaq götürülüb, məktəb sinfi kimi bəzədilib, klipdə iştirak edən uşaqlar isə yaxın dostların övladlarıdır. Burada Boradigahinin oğlu Hüseyn də çəkilib.
Klipdə hər bir hansı bir dini dözümsüzlük, radikalizm çağırışı müşahidə olunmur. Məktəblilər növbə ilə imamların adını sadalayırlar. Klipin sosial mediada dayanmadan müzakirəsi bir qədər qəribə görünür. Bu virtual savaş zamanı narazı olanların dilindən tonlarla zəhər töküldü, bəlkə də. Şəbəkə istifadəçilərində nə qədər qorxu varmış, bunu sözlə ifadə etmək çətindir.
Qanun pozuntusu yoxdur
İnsanlar nədən belə qorxurlar? Bu qorxunun özü qəribə deyilmi? İslam ənənəsində və xeyli sayda dindarın yaşadığı ölkədə islamofobiyanın mövcudluğu əslində sosioloji bir araşdırma mövzusu olmalıdır.
İlk növbədə məsələnin qanuni tərəfinə nəzər yetirməyinə dəyər. Hər bir Azərbaycan vətəndaşı klip çəkməkdə azaddır, çünki dini və ya digər mövzuda olmasından asılı olmayaraq bu, yaradıcılıq məhsuludur. Uşaqların iştirakı belə qanun pozuntusu deyil, çünki çəkilişdən öncə valideyndən icazə alınıb. Qanun pozuntusu yoxdur, ölkənin bayrağı da burada yer alıb, hətta geyim də avropasayağıdır. Üstəlik, ilahiyyatçı klipin heç məktəbdə çəkilmədiyini bəyan edib. Əgər belədirsə, heç məsələnin Təhsil Nazirliyinə dəxili yoxdur. Məktəbdə çəkilsəydi belə, yenə də bir problem doğurmazdı, çünki Hollivud minlərlə filmi elə məktəb divarları arasında çəkib. Məktəbli gənclərin kokain iyləməsini, pivəni, arağı, silahı, zorakılığı təbliğ edən filmlərə nədənsə rahatlıqla baxırıq, heç qorxmuruq da.
Uşaq doğulduğu mühitə uyğun olaraq tərbiyə alır
Hər hansı bir dini faktorun klipdə olması axı problem deyil. Axtarış sistemində, sosial şəbəkədə xarici ölkələrə məxsus yüzlərlə dini motivdə uşaqların iştirakı ilə çəkilmiş klipə, mahnıya, videoya rast gəlmək olar. Katolik Miladı, pravoslav Miladı, yəhudi bayramları burada əksini tapır. Gözəl səslər də var. Uşaq xorlarının sayı-hesabı bilinməz. Həm Avropa, həm ABŞ və Kanadada Milad bayramı təmtəraqla keçirilir. Hər məktəbin öz xoru olar, İsa Məsihi təbliğ edən musiqi kompozisiyalarını hər yerdə oxuyurlar. Dünyada xristian televiziya kanallarının da sayı-hesabı yoxdur, bu, nədənsə, heç kimi narahat etmir.
“7-ci günün adventistləri”, “Yehova şahidləri”, “Mun kilsəsi”, “Mormon kilsəsi” və daha nələr yoxdur, hər bir təriqətin də öz tərəfdarı, davamçısı var. Uşaq da doğulduğu mühitə uyğun olaraq tərbiyə alır. İtaliyada, demək olar, hamı katolikdir. Ola bilər, kimsə başqa dini sonradan seçsin, amma uşaqlar bu dində böyüyürlər. Bolqarıstan və Yunanıstan əhalisi isə xristianlığın pravoslav qanadına üstünlük verir. ABŞ-da isə xristianlığın hər növü var, hər təriqətin isə öz telekanalı var. Rahatca dolanırlar. Ölkə prezidenti də, qəbul olunmuş ənənəyə sadiq qalaraq ölkəni qəbul edəndə “İncil”ə əl basaraq and içir.
Qorxanlar nədən qorxurlar?
Bəs multikultural dəyərlərə sadiq olduğunu bəyan edən Azərbaycanda islam qorxusu nədən qaynaqlanır? Əsrlərlə islam ənənəsində yaşayan insanlar, dilindən “İnşallah”, “Maşallah”, “Allah qoysa” ifadələri düşməyin bir millət adi bir klipə nədən belə reaksiya göstərir? Qorxanlar nədən qorxur?
Qorxunun əsas səbəbi uzun illər dünya mətbuatında sistematik formada islam dininə qarşı aparılan təbliğata bağlıdır. Davamlı olaraq nəhəng informasiya agentlikləri, telekanalları hər gün, dayanmadan müsəlmanlarla bağlı neqativ xəbər paylaşırlar. Bu məlumat dalğası daha sonra sosial şəbəkədə, kiçik sayt və bloqlarda yayılacaq. İslamın aqressiv din, müsəlmanların intellektual və mədəni səviyyəsinin aşağı olması barədə yüzlərlə sənədli film çəkilib, veriliş və video hazırlanıb.
Düşmən və terrorçu obrazında müsəlman olmayan Hollivud savaş filminə rast gəlmək mümkünsüzdür. Özü də müsəlman terrorçusu özünü filmdə olduqca qəddar formada aparmalı, qan tökməli, kimisə döyməli, vurmalıdır. Müsəlman mütləq təyyarəni qaçırtmalı, harasa bomba yerləşdirməli, zorakılıq etməlidir. Hollivud kinosunda müsəlman kimdir? Çirkli pulları hara xərcləməyi bacarmayan kütbeyin, qadınlara qarşı normal münasibət göstərə bilməyən çöl vəhşisi. Müsəlman qadın da kinoda müsbət tərəfdən verilmir, yəni təhsili olmayan, başıbağlı, əzilən bir məxluq kimi təqdim edilir. Müsəlman kişinin əsas işi isə yalnız göbək rəqsinə baxmaqdır.
İslamofobiya dünyasında yaşayırıq
İslam ənənəsində olsaq da, hər gün bu virtual islamofobiya dünyasında yaşayırıq. Hər dəfə neqativ müsəlman obrazını müşahidə etməklə beyinlə bir dəyişiklik baş verir, özümüz də bilmədən özümüzü inkar edirik. Bunun necə baş verdiyini anlamırıq, amma təbliğat öz işini görür.
İnformasiya müharibəsində də eyni mexanizmlərdən istifadə olunur. Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, “erməni soyqırımı” barədə onlarla sifarişli, qərəzli sənədli və bədii film çəkilib. Üzdən baxan bunu normal qəbul edəcək. Deyək, SSRİ-nin dağılması barədə hansısa kanal film çəkir, təbii, ermənidən də söz açır. Gözüyaşlı erməni qadınları çox həyəcanla kamera qabağında danışırlar. Əlbəttə, hansısa ingilis bu filmə baxıb azərbaycanlının vəhşi olduğunu düşünəcək. Belə film hadisənin gedişindən xəbəri olan hər bir azərbaycanlıda qıcıq doğurur, çünki filmi çəkən jurnalist ən azı bu qadınlarla yanaşı, Ermənistandan qovulan, evini-eşiyini itirən 200 min azərbaycanlılardan heç olmasa birini-ikisini süjetində verməli idi.
Hollivud kinosunun təsiri səbəbindən islam qorxusu ABŞ-da da çox güclüdür. Kimsə səhv edib zarafatla aeroportda terror, bomba, silah sözünü işlətsə və o insan müsəlman olsa, anındaca səs-küy qalxacaq. Bu qorxu oradan gəlir, dünyaya yayılır, Azərbaycanda da islam əleyhinə düşünənlərin sayı artır. Kimsə öz dinini təbliğ edir, xor yaradır, tamaşa da qurur, biz isə adi bir klipdən qorxuya düşürük.
Valideyn basqısı dindən deyil, gərək qarışdırmayaq
İslamofobiyanın başqa bir aydın səbəbi var. Bəzən gənc xanımlar cəmiyyət və ailədə olan zorakılığı, basqını islamla əlaqələndirirlər. Hər iki-üç qızdan biri adətən ailədə olan durumdan narazılıq edir, deyir, istədiyim peşəni seçə bilmirəm, geyimi geyə bilmirəm, dostlarla görüşə bilmirəm, üstəlik, ailədə deyirlər başını bağla, namaz qıl, onu elə, bunu elə. Yəni hansısa milli-mental təsəvvürlər həm də islamla eyniləşdirilir. Dində onsuz da xeyli qadağa var. Nə qeybət qılmaq olar, nə haram mal yemək, nə içki içmək, nə də başqa günaha batmaq. İslamda böyük günah sayılan əməlləri əks etdirən kitabı oxuyası olsaq, ümumilikdə 500-600 səhifəni nəzərdən keçirməli olacağıq. Amma təhsil almaq, ya nikaha girməklə bağlı valideyn basqısı dindən deyil, gərək qarışdırmayaq.
Üzünü Avropa dəyərlərinə tərəf tutan bir çox gənc islam dəyər sisteminə pis baxır bir növ. Eləsi var, deyir, beş günlük dünyadır, onu eləmə, bunu eləmə, bəs mən nə vaxt yaşayım? Bir çoxu Hollivud filmində və ya hansısa yutub videosunda gördüyü ərəb terrorçusunun sabah Azərbaycana qədər gələcəyini, burada qadağa sistemini tətbiq edəcəyini düşünür. Eləsi var, deyir, əlimdə olan azadlığı itirmək istəmirəm. “Hansı azadlığı itirmək istəmirsən” sualının da adətən dəqiq cavabı olmur, çünki dərindən düşünəndə bu azadlıq böyük mənada hər hansı narkotik qəbul etmək azadlığıdır.
Rüşvət alıb kimdənsə halallıq istəyirik
Bu gün rahatlıqla bar və restoranda ürəyi istədiyi qədər içki içmək, siqaret çəkmək, yeri gələndə nəsə başqa bir şey qəbul etmək imkanı olanlar bu imkanı itirmək istəmirlər. Azad sevgi münasibətlərinin, erotik xarakterli əsər və filmlərin də qadağa ediləcəyindən qorxan az deyil. Qadınlar açıq-saçıq geyimin, qısa ətəklərin satışdan yoxa çıxacağından, telekanalların reytinqli tok-şoularının yığışdırılacağından narahatdırlar. Hətta hər gün marketdən bir “çekuş” alan fəhlə də içkinin qadağa edildiyi təqdirdə həyata olan sevgisini itirəcəyindən qorxur.
Tərəzidə alıcını aldadan satıcı, haram yolla özünə sərvət toplayan məmur, kərə yağını palma yağına qarışdırıb satan obyekt, çaya soda töküb satışı çoxaldan çayxana yiyələri də qorxu içindədirlər. Restoranda yarıçılpaq rəqs edən rəqqasə, hər cür yolla özünə səhnədə yer qazandıran müğənni, sauna və masaj salonlarını başqa məqsədlə istifadə edən “mama roza” da biznesin çökməsini istəmir.
Hərənin bir qorxusu, bir marağı var. Qəribə bir durumdayıq: dilimizdən Allah sözü düşmür, amma rüşvət alıb kimdənsə halallıq istəyirik, pis iş tutanda isə özümüzə haqq qazandırırıq. Qorxa-qorxa günaha bataraq belə də yaşayırıq.
Eləcə də oxuyun:
* On iki nəfərin alçaldıcı videosunu çəkən dəstə saxlanıldı - dəhşətli kadrlar yayıldı
* Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir
* Filtrlənən internet: hər dövlətin öz marağı həmişə öndə olacaq