TƏHLİL

"Kral öldü, yaşasın kral?" Yaxud icra hakimiyyətləri ləğv edilməlidirmi?

Əgər icra hakimiyyəti ləğv olunursa, referendum keçirilməlidir. Bu səlahiyyətlər bələdiyyələrə veriləcəksə, onların da statusu gücləndirilməlidir.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Son günlər yerli mediada icra hakimiyyətlərinin ləğv olunacağı ilə bağlı məlumatlar dolaşır. Ötən həftə Prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı məsələni yenidən aktuallaşdırıb.
Azərbaycan əhalisinin yarıdan çoxu da yerli icra hakimiyyətlərinə etibar etmir. Bu barədə hələ ötən il Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğudan bəllidir. Sorğuda respondentlərin 46,2 faizi yerli icra hakimiyyətinə etibar etdiyini bildirmişdi.
Sputnik Azərbaycan ölkədə icra hakimiyyətlərinin fəaliyyətində edilə biləcək mümkün dəyişikliklərlə bağlı millət vəkili Aydın Mirzəzadə və Kamran Bayramovun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, belə bir nəticənin olması onu deməyə əsas verir ki, icra hakimiyyətlərinin fəaliyyətlərinin yaxşılaşdırılması üçün qəti addımlar atılacaq:

"Prezident daim yerli hakimiyyət orqanlarına verdiyi tapşırıqlarda vətəndaşların problemlərinə diqqət yetirməyi və fəaliyyətlərini onun üzərində qurmalarını tapşırır. Eyni zamanda biz görürük ki, bu işin öhdəsindən gələ bilməyənlər cəzalandırılırlar. Bu sorğu ilə bağlı isə onu deyə bilərəm ki, icra hakimiyyətlərinin fəaliyyətnin hansı istiqamətlərində narazılıqların olması öyrənilib, aradan qaldırılması təmin edilməlidir. Şübhə etmirəm ki, müvafiq hakimiyyət orqanları da həmin istiqamətdə işlər aparırlar".

"Azərbaycan icra hakimiyyətləri institutu ləğv oluna bilərmi?" sualına cavabında isə millət vəkili deyib ki, hər hansı ad dəyişikliyi olsa da, yenə də yerlərdə hakimiyyət orqanları olmalıdır. Onun sözlərinə görə, Prezident Adminsitrasiyası vətədaşların narazı qaldığı istiqamətlər barədə vaxtaşırı açıqlamalar verir: "Rayon və şəhərlərdə icra hakimiyyətləri təsisatları konstitusiyaya uyğun formalaşdırılıb. Bunu dəyişmək üçün konstitusiyada dəyişiklik olmalıdır. Digər tərəfdən adının nə qoyulmasından asılı olmayaraq, yerlərdə icra hakimiyyətləri orqanları olmalıdır. Onların işi olduğu yerin, oradakı insanların problemlərinin həllinə dair layihələrin dəstəklənməsidir".
Millət vəkili Kamran Bayramov deyir ki, yerli icra hakimiyyətləri orqanları konstitusional qurumlar olduğu üçün onların statusu və fəaliyyəti tənzimlənib:
"İcra hakimiyyətləri Prezidentin 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında əsasnamə" əsasında fəaliyyət göstərir. Son dövrlər regionların sosial-iqtisadi inkişafında da yerli icra hakimiyyətlərinin böyük rolu olub. Düzdür, biz sorğunun nəticəsində başqa bir şeylə qarşılaşırıq, ancaq unutmayaq ki, hər kəs bir qurumun fəaliyyətindən razılığını ifadə edə bilməz. Yerli idarəetmə ilə bağlı insanların rəyinin öyrənilməsi önəmlidir. Eyni zamanda bu fəaliyyətin təşkili üçün həm konstitusional, həm də institusional işlər aparılmalıdır".
Kamran Bayramovun sözlərinə görə, icra hakimiyyətləri ləğv olunarsa, əvəzində yeni qurumlar yaradıla bilər:
"Mövcud qurumlara da icra hakimiyyətlərinin səlahiyyətlərinin verilməsi mümkündür. Bütün bu variantları nəzərdən keçirəndə görürük ki, müəyyən bir hazırlıq işləri görülməlidir. Əgər icra hakimiyyəti ləğv olunursa, referendum keçirilməlidir. Bu səlahiyyətlər bələdiyyələrə veriləcəksə, onların da statusu gücləndirilməlidir və səlahiyyətlərinə yenidən baxılmalıdır. Hər bir addım hazırlıq işlərini tələb edir. Bu baxımdan təkcə rəy sorğusu əsasında belə bir dəyişikliyin edilməsini əsas götürmək olmaz, bunun üçün müvafiq təhlillər aparılmalıdır".
Həmçinin oxuyun:
Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
Eldar Əzizov icra başçılarına vaxt qoydu