BAKI, 9 dekabr - Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Twitter hesabında yazıb.
"Azərbaycan xalqına və xüsusilə də bu gün minalarda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk", - Corc Dik yazıb.
Qeyd edək ki, bu gün Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki mülki şəxs - “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
ANAMA-nın təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Bildirilib ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
Həmçinin oxuyun: