BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsa təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edir və ən xoş arzularımı yetirirəm.
Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.
İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Almaniyanın yeni federal kansleri
Olaf Şolts Almaniyanın yeni kansleri seçilib. O, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub. Şoltsa Bundestaqın 736 deputatından 395-i səs verib.
Qeyd edək ki, sentyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası 25,7 faiz səslə qalib gəlib. Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar bloku isə cəmi 24,1 % səs toplayıb. Seçkilərdən sonra sosial demokratlar, yaşıllar və liberallar yeni hökumət qurmaq üçün danışıqlara başlayıblar. Daha sonra onlar koalisiya sazişi imzalayıblar.
Almaniya mediası yeni hökuməti alyansdakı partiyaların ənənəvi rənglərinə əsasən “işıqfor” koalisiyası kimi təsvir edib. Yeni koalisiya hökuməti yaxın illər ərzində tamamilə kömürdən imtina, 8-10 il ərzində elektromobillərə keçid, miqrantlara 5 ildən sonra vətəndaşlıq (eləcə də ikili vətəndaşlıq) vermək, mənzil böhranının həlli üçün 400 min yeni mənzilin inşası, minimum əmək haqqının daha da artırılması, marixuananın satışının tənzimlənməsi və leqallaşdırılması, səsvermə hüququnun 16 yaşa endirilməsi və s. məsələlərdə razılığa gəlib.
Bundan əvvəlki kansler Angela Merkel ölkəni 2005-ci ildən idarə edirdi. Merkel dekabrın 3-də təntənəli şəkildə, Bundesver Orkestrinin müşayiəti ilə yola salınıb.
Yeni kansler barədə nə məlumdur
Olaf Şoltsun 63 yaşı var.
Şolts ASDP-yə 17 yaşından qoşulub. 1998-ci ildə parlamentə düşüb, 2000-ci illərdə Hamburq hökumətidə vəzidə tutub.
2007-2009-cu illərdə Almaniyanın əmək naziri olub.
2011-2018-ci illərdə Hamburqun meri olub, məhz onun dövründə şəhərdə antiqlobalistlərin və antifaşistlərin ən böyük iğtişaşları baş tutub.
2018-ci ildən Merkel hökumətində vitse-kansler və maliyyə naziridir, böhranla mübarizədə uğurlu siyasər Şoltsu ən populyar siyasətçilərdən birinə çevirib.
Həmçinin oxuyun:
Almaniyada hakim koalisiya quruldu
Avstriya kansleri istefa verdi