TƏHSİL

İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri

İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var - Nazir
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük: "İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Təbii ki, bütün bunları bir gün ərzində həll ediləcək məsələ deyil. Amma biz bu işə dərhal başlamalıyıq ki, uzunmüddətli dövrə artıq keçək. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".
Nazir deyib ki, məşğulluq baxımından əsas məsələ bacarıqların səviyyəsidir. Onun szölərinə görə, bacarıqların səviyyəsi nə qədər yüksək olsa, o zaman məşğulluğa müsbət mənada təsir göstərmiş olur: "İş yeri tapan adam işində əlavə dəyər yarada bilmirsə, onda ancaq aylıq əmək haqqı ala bilər. Əlavə dəyərin yaradılması üçün, bacarıqların qısa müddətdə inkişafı üçün ölkəmizin kifayət qədər təcrübəsi var".
Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycanda 12 illik təhsilə keçid məsələsi müzakirə olunub. Təhsil ekspertləri də bununla bağlı təkliflərini irəli sürüblər.