İQTİSADİYYAT

Nağdsız ödənişlər: 2025-ci ilədək olan hədəflər açıqlandı

2021-2023-cü illər üzrə nağdsız ödənişlərin inkişaf strategiyası hazırlanıb, buna uyğun olaraq bank sektoruna və blokçeyn texnologiyalara böyük diqqət ayrılacaq.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. 2025-ci ilədək Azərbaycanda ümumi dövriyyədə nağdsız ödənişlərin payı 25 faiz təşkil edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı deyib.

"Assosiasiyamız Azərbaycanın bank strukturunda nağdsız infrastrukturun formalaşdırılması üzrə qlobal layihələr reallaşdırır. Yaradılan ekosistem dinamik inkişaf edir və 2018-2020-ci illər üzrə proqramlar uğurla başa çatdırılıb. Hazırda maliyyə sektorunda yeni hüquqi aktlar, texnologiya və innovasiyalar paketləri hazırlanır", - deyə o, bildirib.

Z.Nuriyevin sözlərinə görə, 2021-2023-cü illər üzrə nağdsız ödənişlərin inkişaf strategiyası hazırlanıb, buna uyğun olaraq bank sektoruna və blokçeyn texnologiyalara böyük diqqət ayrılacaq.
Qeyd edək ki, dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb. “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilən forum “MasterCard”ın tərəfdaşlığı ilə baş tutub.
Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılacaq.
Forum dekabrın 9-da işini davam etdirəcək.

Həmçinin oxuyun:

Lirənin ucuzlaşması manata təsir edəcəkmi - AMB-nin mövqeyi
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Türk lirəsi tarixi antirekordu yenilədi - Mərkəzi Bank sərt qərar qəbul etdi
Türk lirəsindən daha bir antirekord