BAKI, 8 dekabr — Sputnik. Dekabr ayı qış fəslinin astanasında olduğumuzdan xəbər verməli olsa da, hazırki hava şəraitindən bunu hiss etmək mümkün deyil. Hətta hava o qədər mülayim keçir ki, bəzən açıq havada günəşdən daldalanmaq üçün kölgə axtarmalı oluruq. Qış qapının ağzında olsa da, hazırda paytaxtda və əksər bölgələrdə 14 dərəcə isti müşahidə olunur. Dekabrın 1-də isə Bakının müəyyən ərazilərində temperatur 20 dərəcədən yüksək olub. Havanın temperaturunun normadan yüksək olması həm əhalinin, həm də mütəxəssislərin diqqətini cəlb edib.
Təhlükəli hadisələrin səbəbi
Sputnik Azərbaycan son günlər havanın isti keçməsinin fəslə xarakterik olub-olmadığını, qlobal iqlim dəyişkənliyinin havaya təsirini araşdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qlobal iqlim dəyişmələri çoxillik dövrdə havanın temperaturunun artmasına və yağıntının miqdarının azalmasına gətirib çıxardır. Onun sözlərinə görə, bu, təhlükəli hadisələrin - küləyin, daşqınların, dənizdə dalğalanmaların baş verməsinə, həmçinin maksimal və minimal temperatura təsir göstərir. R.Verdiyev bildirir ki, elə ötən yay havanın kəskin isti keçməsi də bu amillərlə bağlıdır.
Xidmət səlahiyyətlisi deyir ki, havanın necə keçəcəyi atmosfer prosesləri ilə əlaqəlidir. Onun sözlərinə görə, atmosfer proseslərinin inkişaf dinamikası hərəkət sürətindən asılı olaraq hava şəraitini dəyişir:
"Qlobal istiləşmə həm tədricən istiləşməyə səbəb olur, həmçinin də təhlükəli elementlərin, küləyin, daşqınların daha da kəskinləşməsinə gətirib çıxarda bilir. Bakıda və digər regionlarda da belə hava şəraitləri müşahidə olunur".
Səhralaşma başlayıb
R.Verdiyev bildirir ki, son illər qlobal iqlim dəyişkənliyinin təsirindən ölkəmizdə quraqlıq hiss olunur. Onun sözlərinə görə, yağıntıların azalması çaylarda suların azalmasına əhəmiyyətli təsir göstərir: "Hətta bu gün Aran bölgəsində, Kür-Araz zolağında, Abşeronda səhralaşma ya meyillilik müşahidə olunur. Cənub bölgəsinə düşən yağıntının həcmi azalıb. Buna görə də müvafiq tədbirlər görülür. Qlobal istiləşmənin təsirindən son illər paytaxtda qar az yağır, buzlaşma qeydə alınmır".
Ekspertin sözlərinə görə, Azərbaycan könüllü olaraq iqlim dəyişməsinə təsir edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub: "Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürüb. Bunlardan biri də qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35-40 faiz azalmaya nail olmaqdır".
İstinin zərəri və faydası
Akademik H. Əliyev adına Coğrafiya İnstitututunun İqlim və aqroiqlimşunaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, son 30 ildə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bəzi iqlim dəyişilmələrinin nəticəsində havanın temperaturu artır, yağıntı miqdarı əksər rayonlarda azalır. Onun sözlərinə görə, fəsillərin hava şəraitində, onların başlanma və sona çatma müddətlərində xeyli dəyişikliklər baş verir: "Bunlar ölkədə xeyli problemlər yaradır. Çaylarda suyun səviyyəsi aşağı düşür, suvarmaya ehtiyac həm düzənliklərdə, həm də dağlarda xeyli artır. Digər tərəfdən, ərazidə kənd təssərrüfatı bitkilərinin becərilməsi üçün vacib olan 10 dərəcədən yuxarı fəal temperatur cəmi artır, vegetasiyanın müddəti çoxalır (düzənliklərdə 8-10 gün, dağlıq rayonlarda iki-üç həftə). Bunun nəticəsində ölkə ərazisində yeni bitki növlərinin becərilməsinə şərait yaranır".
H.Nəbiyev bildirir ki, Azərbaycanda yayın daha isti və daha quru, qışın normadan artıq isti və quru keçməsi iqlim dəyişilmələri ilə bağlıdır. O bildirib ki, Coğrafiya İnstitutunun iqlim şöbəsinin əməkdaşlarının apardığı tədqiqatlar göstərir ki, 1960 və 1990-cı illərdə 6 gün davamiyyətli isti hava dalğalarının təkrarlanması cəmi iki dəfə olubsa, son 25-30 ildə, xüsusilə son 15 ildə 17 dəfədən çox təkrarlanıb: "Yəni son illərdə isti hava dalğalarının təkrarlanması artmış, soyuq hava dalğalarının sayı isə xeyli azalmışdır".
Şaxta sözünü unudacağıq?
Alimin sözlərinə görə, yayın isti və quru keçməsini, qışın normadan artıq isti olmasını qabaqcadan proqnozlaşdırılması mürəkkəb məsələdir. Bunu yalnız ehtimal etmək olar:
Abşeronda qışın isti olacağının əsas səbəbi son 30 ildə şimal yarımkürəsinin Atlantik-Avrasiya sektoru üzərində atmosfer dövranı tiplərinin barik (təzyiq) sistemlərinin yerləşməsində baş verən dəyişmələr, onların oxlarının nisbətən şərqə doğru meyl etməsi və sair amillərlə bağlıdır. Cənubdan gələn isti hava kütlələrinin daha çox təkrarlanması, antisiklonik hava şəraitinin üstünlüyü, buna şərait yaradan yüksək təzyiq yalının Qafqaz üzərində tez-tez təkrarlanması və sair əsas səbəblərdəndir".
Məlumat üçün bildirək ki, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır. Bütün meteoroloji müşahidələrə görə, ən soyuq 2002-ci ildə Bakıda 8.8° şaxta olduğu halda, növbəti 2003-cü ilin dekabr ayında 22.5° isti qeydə alınıb. Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı ildə isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2° şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub. Lakin daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb.
Hesabatda yalnız Naxçıvan üzrə göstərici norma daxilindədir
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycanda dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağını proqnozlaşdırıb. Xidmətin dekabr ayı üçün hesabatında bildirir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası (Naxçıvan MR) istisna olmaqla digər bölgələrində havanın temperaturu normadan 1-2 dərəcə artıq olacaq. Məlumatda həmçinin son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturların 0,4-1,30C-yə qədər artdığı da açıqlanıb.
Eləcə də oxuyun:
* Umayra Tağıyeva: quraqlıq iqtisadiyyat və əhali üçün böyük problemlər yaradır
* İqlim xaosu 2021: meşə yanğınlarından su basmış küçələrə qədər
* Alim dağıdıcı fəlakətin yaxınlaşması barədə xəbərdarlıq edib