BAKI, 8 dekabr — Sputnik. Çinin Rusiyadakı səfirliyinin konsulu Lyu Minçe ABŞ-ın Çində keçiriləcək Olimpiya Oyunları ilə bağlı boykot qərarına münasibət bildirib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən bildirir ki, konsul ABŞ-ın boykot qərarının oyunların keçirilməsinə hər hansı bir təsir etməyəcəyini deyib.
Onun sözlərinə görə, bu qərar Çinin həvəsini, inamını dayandıra bilməz:"Çin xalqı şər qüvvələrdən qorxmur. Belə addımlar da onun üçün heç bir problem yaratmırlar. Çin hökuməti Olimpiya ruhunu nümayiş etdirmək üçün digər ölkələrlə, o cümlədən Rusiya Olimpiya Komitəsi ilə birgə işləməyə hazırdır. Biz əminik ki, belə pozucu qərarlar bizim işimizə təsir etməyəcək. ABŞ etdiyi hər şey üçün haqlı, haqsız bəhanələr tapır".
ABŞ-ın Soçidə keçirilən Qış Olimpiya oyunlarını boykot etmə qərarına toxunan konsul bildirib ki, bu cəhd də uğursuz alınmışdı: "Çin dəfələrlə qeyd edib ki, Qış Olimpiya Oyunları siyasi şoular və manipulyasiya səhnəsi deyil, ilk növbədə möhtəşəm idman hadisəsidir".
Qeyd edək ki, ABŞ rəsmi olaraq Çin Qış Olimpiya Oyunlarını boykot edib. Bayden administrasiyası "Pekin 2022" Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.