BAKI, 7 dekabr — Sputnik. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək. Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.
Komitə sədri Musa Quliyev bildirib ki, dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.
Eləcə də oxuyun:
* "Məşğulluq haqqında" qanuna dəyişiklik edilir