BAKI, 6 dekabr — Sputnik. Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Sabiq rabitə naziri Siruz Abasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası və problemləri ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb. İşə "montyor" kimi gələn Siruz müəllim deyir ki, 1965-ci ildən bu sahədə durmadan çalışıb:
"O vaxt tək Azərbaycanda yox, SSRİ məkanında dekadalı sistem koordinat sisteminə, daha sonra elektron sisteminə keçdi. Nəhayət, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da rəqəmsal (Digital) telefon stansiyaları tətbiq olunur".
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və sabiq rabitə naziri Siruz Abasbəyli
© Photo : courtesy of Siruz Abasbeyli
İKT veteranı bildirir ki, onun bu sahəyə addım atdığı illərdə internet barədə təsəvvür belə, yox idi: "İnternet Azərbaycana 90-cı illərdə - daha dəqiq desək, 1992-93-cü illərdə gəldi. 1994-ci ildə ilk dəfə Azərbaycanda iki provayderin - "Azərinternet servis" və "Azinternet" in köməkliyi ilə biz Azərbaycanda internet tətbiq etdik. Bu gün bütün gadjetlər internet üzərində işləyir. Zamanla mobil rabitə sistemləri əmələ gəldi. İndi hər şey internet üzərində qurulub".
Müasir dönəmdə rabitə sistemində dəyişiklikliyə gəldikdə isə Siruz müəllimin fikrincə, bu sahə o qədər sürətli inkişaf edir ki, demək olar, ili keçmək olmur. Bu günün başlanğıcında bir yenilik əmələ gəlirsə, ilin sonuna yaxın həmin yenilik köhnəlir:
"Bəzən o yenilikləri öyrənməyə çatdıra bilmirlər. Sistem həddindən artıq sürətli işləyir. 5-10 ildən sonra texnologiya sahəsində bizi hansı yeniliklər gözləyir, bunu heç kəs təsəvvür edə bilmir. Bu gün hər şey rəqəmsal inkişafdan keçir. Mobil telefon yeni gələn zamanlarda telefon dəstəyindən iki dəfə böyük idi. Bu gün isə telefon saatdadır".
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və sabiq rabitə naziri Siruz Abasbəyli
© courtesy of Siruz Abasbeyli
Sabiq nazir bu gün istifadə etdiyimiz yeniliklərin proqnozunu 28 il öncə verib. Bu barədə dəfələrlə o zamanki KİV-lərə müsahibə də verib:
"93-cü ildə mən demişdim ki, elə bir dövr gələcək, rabitə sistemindən, mobil rabitə aparatlarından sonra biz heç bir aparat gəzdirməyəcəyik, sadəcə telefonla, saatla danışacağıq. Bu gün qol saatımıza hər bir məlumat gəlir. O zamanlar müsahibələrimin, yazılarımın çap olunduğu qəzetləri indiyə kimi saxlayıram və bütün bunların hamısı barədə "Heydər Əliyev və Rabitəmizin İnkişafı" adlı kitabında daha geniş bəhs etmişəm. Amma indi gələcəkdə nə olacağı barədə danışmaq çox çətindir. Ağıllı evlər, ağıllı kəndlər, ağıllı şəhərlər yaranmağa başlayıb. İş yerində oturub evi idarə edə bilirsən. Mənə elə gəlir ki, bir müddətdən sonra insanlar heç danışmayacaqlar, bir-birinin üzünə baxacaqlar və anlayacaqlar".
Azərbaycan Prezidenti İlham Əliyev və sabiq rabitə naziri Siruz Abasbəyli
© courtesy of Siruz Abasbeyli
Siruz müəllim hesab edir ki, Azərbaycanın bu gün yeganə ayaqlaşa bilmədiyi ölkə Koreyadır. Koreya ilə nəinki biz, dünyanın bir çox ölkələri ayaqlaşa bilmir:
""Samsung" markalı telefon Türkiyədə, bizdə və digər ölkələrdə istifadə olunur. Amma Koreyada bu markalı telefon o qədər inkişaf edib ki, onu biz istifadə edə bilmərik. Bizim istifadə etdiyimiz "Samsung" çox sadə, bəsitdir. Baxmayaraq ki, biz bu gün "Samsung"la kinoya baxa bilirik, kitab oxuya bilirik və s. Amma Koreya üçün bu, çox bəsitdir. Azərbaycan son dövlər bu sahədə dünya ölkələri ilə eyni səviyyədədir. Bu gün mütəxəssislərimiz var ki, onlar dünya ölkələrinin mütəxəsssisləri ilə rəqabətə girə bilərlər".
Vaxtilə "Mozalan" kinojurnalının "Telefon macərları" adlı süjetində o dövrki telefonların vəziyyətini satira diliylə çatdırmasını Siruz Abasbəyli belə izah edir:
"Dekadalı (onluq) addım sistemində bu baş verirdi. Məsələn, 15 yazırdıqsa, bu çıxırdı 10-a. Addım atanda elə olurdu ki, ikisinin arasına düşürdü. Elə olurdu 3-4 nəfər bir-biri ilə danışırdı. İndi bu, mümkün deyil".
Siruz Abasbəyli 1992-1997-ci illərdə Rabitə naziri vəzifəsində çalışıb. Vəzifədə olduğu dönəmlərdə yaşanan çətinliklərdən bəhs edən sabiq nazir vurğulayıb ki, 1992-ci ildə pulların inflyasiya etməsi onların sahəsinə də sarsıdıcı zərbə vurub"
"İki qəpiklər ləğv olundu. Onun əvəzinə jetonlar buraxdıq. Jetoları da qəzet köşklərində satırdılar. Elə olurdu insanlar jetonu atırdı, telefonu qaldıranda udurdu. İnsanlar bir jetonu güclə tapırdı, onu da telefon udanda telefonu vurub sındırırdılar. Mən gördüm ki, bunun qarşısını almaq mümkün deyil. O dönəmlər də kasıb vaxtlar idi, müharibə bir tərəfdən, qıtlıq bir tərəfdən. İnsanların əsəbləri tarıma çəkilmişdi. ATS işçilərini topladım, dedim ki, bunun çarəsini tapmaq lazımdır. Dedim, telefonlara 1000 manat xərcləyib 100 manat qazanır, 900 manat itiririk. Odur ki, əmr verdim, Azərbaycanda bütün telefonlar pulsuz olsun. Onsuz da 100 manat qazanıb, 900 manat xərcləmək bizə ziyan edirdi. Qoy müftə olsun, amma telefonları sındırmasınlar. Çünki, ölkələrarası münasibətlər pozulmuşdu, xaricdən ehtiyat hissələri də gəlmirdi".
Siruz müəllim bu gün bölgələrdə internetlə, rabitə ilə bağlı xeyli ciddi problemlərin qaldığını da etiraf edib.
Siruz Abasbəyli
© courtesy of Siruz Abasbeyli
"Bu gün bölgələrdə vəziyyət çox acınacaqlıdır. Baxmayarq ki, bu sahədə çox böyük gəlir var. Mobil rabitədən, internetdən çox böyük gəlir əldə edirlər. Qazandıqları gəlirlə bu problemləri həll edə bilərlər. Xüsusən özəl rabitə şirkətləri həddindən artıq yüksək məbləğdə pul qazanırlar. Özəl şirkət olanda nə olar, onlar Allahın bacısı oğlu deyillər ki. Belə bir qanun var, əgər bir şirkət külli miqdarda pul qazanırsa, o pulu işlədə bilmirsə, onda həmin pulu alıb verirlər dövlət büdcəsinə. Bu şirkətlər dövlət büdcəsinə pul verməsinlər deyə, işçilərin maaşını qaldırıblar göyün 7-ci qatına. Adi montyor 500 manat maaş alır. Halbuki o qarlı-çovğunlu havada gedir telefon xətlərində olan problemləri həll edir. Amma özəl şirkətdə işləyən rabitə işçisi isti kabinetində 15 min manat maaş alır. Bu barədə hər dəfə danışıram, o şirkətlərin rəhbərləri məndən inciyirlər. Amma həqiqət budur. Çox böyük diskriminasiya var".
Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti olan Siruz Abasbəyli onu da əlavə edir ki, bu gün təqaüdə çıxan rabitəçi cüzi məbləğdə müavinət alır. Bu məsələni dəfələrlə əlaqədar qurumlar qarşısında qaldırsa da, bir nəticə hasil olmayıb:
"Mən mühəndis işlədiyim müddətdə 120 manat maaş alırdım. Amma siz mənim işlədiyim kimi işləmirsiniz. Mənim etdiyimin 90%-ni etmirsiniz. Niyə təqaüdə gedən rabitəçi 200 manat almalıdır? Axı o insan bu sahəyə canını qoyub. Mən Rabitə Nazirliyinin şurasında bu məsələni qaldırdım. Əksəriyyəti özəl şirkətin nümayəndələri idi. Dedim hamınız oturmusunuz isti otağınızda, yüksək məbləğdə pullar qazanırsınız, amma gördüyünüz işin keyfiyyəti sıfırdır".
Həmçinin oxuyun:
Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"
Azərbaycanda keçmiş nazir həbs olundu - KİV
Keçmiş nazir fermerlik edir: Ziya Məmmədov əkinçilik və maldarlıqla məşğul olduğunu deyib