BAKI, 5 dekabr - Sputnik. İşğaldan azad olunan ərazilərdə daha bir erməni hərbçisinin cəsədi tapılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə axtarış qrupu müharibədən qalan 1 erməni əsgərinin cəsədini Xocavənddə aşkarlayıb. Cəsəd ermənilərə təhvil verilib.
***
Bundan əvvəl isə Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.
Hərbi qulluqçumuzun hücuma məruz qalması
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontinqentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Şuşa yaxınlığında təxribat
Qeyd edək ki, ötən ay bənzər hadisə Şuşa şəhərində qeydə alınmışdı. 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5" markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdikləri avtomobildən düşüblər.
Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların olduğu istiqamətə atıb.
Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd ediblər.
Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Eləcə də oxuyun:
* Sərhəddə nə baş verir? Azərbaycan MN cavab verdi
* Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq – Adekvat şəkildə cavab veriləcək