BAKI, 4 dek — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, Dağıstan Respublikasında iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu, "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarının Rusiya Federasiyasına ixracı zamanı fitosanitar nəzarət prosedurunun sürətləndirilməsi, pomidor və alma məhsullarının ixracında daşınmanın logistik və treyder şirkətlər tərəfindən həyata keçirilməsi məsələləri müzakirə edilib və yüklərin daşınmasında fitosanitar sertifikatların və digər sənədlərin yoxlanılması zamanı vahid yanaşmanın tətbiq olunması ilə bağlı razılıq əldə olunub.
Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb. Daha sonra iki ölkənin müvafiq qurumlarının nümayəndələri "Yaraq-Qazmalar" keçid məntəqəsinə və "Viaduk" Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlama anbarına baxış keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Həmçinin oxuyun:
Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır
Dünyada qıtlıq yaranacaq: "Yaxın 5 ildə yerli məhsulların istehsalını artırmaq lazımdır"