BAKI, 3 dekabr - Sputnik. Omikron ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər.
İsrailli immunoloq Zvika Qranot “i24News”a müsahibəsində yeni ştamın tunelin sonundakı işıq rolunu oynayacağını güman edir.
Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.
Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, Omikron ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.
Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.
Omikron ştammı
Qeyd edək ki, Cənubi Afrika Respublikasının Milli İnfeksion Xəstəliklər İnstitutu hesabatında qeyd edib ki, ölkədə koronavirusun "omikron" ştammı ilk dəfə noyabrın 8-də aşkarlanıb.
"Yeni B.1.1.529 - "omikron" ştammı narahatlıq doğuran variant adlandırılır. Onun CAR-da ilk dəfə aşkarlanması noyabrın 8-nə təsadüf edir. Bu, Qautenq əyalətində olub", - hesabatda deyilir.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.
"ÜST-ün beş bölgəsindəki ən azı 23 ölkə yeni ştammın aşkar olunduğu barədə məlumat verib. Təxmin edirik ki, bu say artacaq", - ÜST rəhbəri Tedros Adhanom Gebreyesus dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.
Həmçinin oxuyun: