BAKI, 2 dekabr — Sputnik. "Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır".
Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır:
"Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Qəbul olunmuş bəyanatda da əks olunmuş fikirlər, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət bir dinamika var. Ermənistan tərəfi də bu reallığı tam şəkildə dərk etməlidi. Çünki Azərbaycanla Ermənistan arasında yekun olaraq sülhün olması rəsmi İrəvanın özünün də bilavasitə maraqlarında ola biləcək bir məsələdir. Azərbaycan regionda, sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək".
Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentiləri İlham Əliyev və Vladimir Putin, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Həmçinin oxuyun:
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal