BAKI, 2 dekabr — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın qurulmasının tərəfdarıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
"Əminəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qurulması üstünlüklər yaradır", - o deyib.
O, həmçinin bildirib ki, ATƏT bu istiqamətdə addımlar atmağa və bu prosesə töhfə verməyə hazırdır.
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel isə tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb: "Aİ danışıqlar yolu ilə hərtərəfli və davamlı nizamlanmaya nail olmaq üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və tamamlamağa hazırdır.
Qeyd edək ki, 2-3 dekabr tarixlərində İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Lavrov ATƏT-in acınacaqlı durumu barədə
Bu gün ATƏT acınacaqlı vəziyyətdədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxış edən Rusiya XİN rəhbəri təşkilatın bugünkü vəziyyətini acınacaqlı adlandırıb:
“Bu gün ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib, xırda mövzulara qərq olub. Qərbli tərəfdaşlarımız beynəlxalq hüququ bir növ qaydalara əsaslanan nizam-intizamla əvəz etməyə çalışırlar. Həmin qaydalar isə onların öz müstəsnalıqlarından çıxış edərək müəyyən etdikləri qaydalardır”.
Çavuşoğlu fürsətləri xatırlatdı
"Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb". Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.
"Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb. ATƏT İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallığı nəzərə almaqla regionda sülhə dəstək verə bilər", - Çavuşoğlu deyib.
Qeyd edək ki, 2-3 dekabr tarixlərində İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Həmçinin oxuyun: