BAKI, 1 dekabr — Sputnik. ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı koronavirusun yeni "omikron" ştammının adını dəfələrlə səhv tələffüz edib. RİA Novosti xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yazıb.
"O "Omnikron" adlanır", - deyə Ağ Evin rəhbəri virusun təhlükə səviyyəsini qiymətləndirməzdən əvvəl bildirib.
Yeni ştammın qarşısını almaq üçün tədbirlərdən danışan ABŞ lideri yenidən səhv tələffüz edərək qeyd edib ki, hərəkət məhdudiyyətləri "omnikron"un yayılmasını azaltmağa kömək edəcək.
Co Bayden ilk dəfə deyil ki, bu vəziyyətə düşür. Xatırladaq ki, o, dəfələrlə ölkələrin adlarını və prezidentlərin soyadlarını da qarışdırıb. Xüsusilə, çıxışlarının birində Liviya ilə Suriyanı, digərində İraq və İranı, üçüncüsündə isə Barak Obama ilə Donald Trampı qarışdırıb.
"Omikron"
Noyabr ayında mütəxəssislər Botsvana və Cənubi Afrikada S-zülalında 32 mutasiya olan "B.1.1.529" koronavirus ştammının ortaya çıxdığını bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı "B.1.1.529" ştammını "narahatlıq doğuran" kimi qəbul edib və ona yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.