TƏHLİL

Politoloq: Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur

Aydın Mirzəzadə: Postmünaqişə dövründə tərəflər ərazi bütövlüyünə hörmətlə yanaşmaqla, mehriban qonşuluq münasibətləri çərçivəsində istənilən məsələni həll edə bilərlər.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçtərəfli Bəyanat imzalayıblar. Regionda son zamanlar yaşanan gərginlik fonunda Soçi görüşünün keçirilməsi onun əhəmiyyətini artırırdı. Xüsusən də Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən öncə baş tutan bu görüş regionda maraqları olan bütün tərəflər üçün önəm kəsb edirdi.
Sputnik Azərbaycan Soçi görüşü ilə bağlı millət vəkili Aydın Mirzəzadə və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Soçi görüşü müharibə bitəndən sonrakı dövrün yekun nəticəsi idi:
"Yekun nəticə olaraq artıq Ermənistan da reallığı qəbul etməyə başlayıb. Sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiyanın fəaliyyətə başlaması yeni mərhələnin başlanğıcıdır. Soçi görüşündə bundan əvvəlki görüşlərdə qəbul edilmiş sənədlərdən də irəli gedərək vacib imzalar atıldı. Eyni zamanda tərəflər regionda iqtisadi və humanitar əlaqələr barədə danışmağa başladılar. Bu isə o deməkdir ki, kommunikasiyalar açıldıqdan və sərhədlər müəyyənləşdikdən sonra Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr qurulmağa başlayacaq".
Millət vəkilinin sözlərinə görə, əlaqələrin bərpasından sonra tərəflərin vasitəçisiz təmaslarının qurulması baş tuta bilər:
"Hesab edirəm ki, Soçi görüşü münasibətlərin nizamlanması üçün irəli atılmış bir addım kimi qiymətləndirilməlidir. Eyni zamanda bu prosesdə Rusiyanın vasitəçilik rolu yüksək qiymətə malikdir. Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə Soçi görüşü arasında təqribən üç həftəyə yaxın bir müddət var. Bu da tərəflərə Soçi görüşünün nəticələri ilə bağlı fikir mübadiləsi aparmağa imkan yaradır. Brüssel görüşünü xarakterizə edə biləcək bir amil də tərəflərin təqribən 2 il yarım vaxtdan sonra vasitəçisiz olaraq ilk təması olması ehtimalıdır. Artıq münasibətlərdə yeni səhifə açmağın vaxtıdır. Postmünaqişə dövründə tərəflər ərazi bütövlüyünə hörmətlə yanaşmaqla, mehriban qonşuluq münasibətləri çərçivəsində istənilən məsələni həll edə bilərlər".
Politoloq Elşən Manafovun fikrincə, Soçi görüşündən sonra verilən bəyanat Azərbaycan dövlətinin maraqlarına uyğundur:
Politoloq Elşən Manafov
"Ermənistan tərəfi əvvəl əldə olunmuş Moskva razılaşmasından boyun qaçırmağa çalışırdı. Məhz Azərbaycan-Rusiya münasibətlərinin düzgün qurulması, regionda baş verən proseslərdə Rusiya maraqlarının nəzərə alınması Ermənistan tərəfini güzəştlərə və razılaşmalara vadar etdi. Paşinyanın qərbyönümlü siyasəti, mən deyərdim ki, həm də Rusiya tərəfindən cəzalandırıldı".
Elşən Manafov vurğulayıb ki, Rusiya Soçi görüşü ilə regionda maraqları olan hər kəsə, o cümlədən Qərb dünyasına mesaj vermiş oldu:
"Bununla da aydın oldu ki, bölgə hələ də Rusiyanın təsir dairəsindədir. Burada Qərbin müharibənin reallıqlarını nəzərə almadan Ermənistanın xeyri üçün atacağı hər hansı addım uğursuzluqla nəticələnəcək. Soçi görüşündə diqqət çəkən məqam burada statusla bağlı hər hansı məsələnin müzakirə edilməməsidir. Bu bir daha onun göstərir ki, status məsələsi artıq yoxdur".
Həmçinin oxuyun:
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal