TƏHLİL

Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər

Ekspert: İlin sonunadək konkret mexanizm yaradılacaq. Paşinyan işçi qrupu formalaşdıracağını təsdiq edib. Yerevanda hansısa siyahılar tərtib edirlər. Bu, çox yaxşıdır, özü də xəritələr artıq hazırdır və onlar Rusiya baş qərargahındadır.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticələrini pozitiv dəyərləndirib.
S.Markov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, görüş uğurlu keçib və onu irəliyə addım hesab etmək olar:
“Bəyanatın birinci maddəsi, - ekspertlərin əksəriyyətinin nədənsə buna əhəmiyyət vermir, - danışıqların mühüm nəticəsidir. Bu maddə tərəflərin 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiqləmələri barədədir. Çoxlarının öz-özlüyündə anlaşıqlı hesab etdiyi bu maddə həm də ona görə ikiqat əhəmiyyətlidir ki, son vaxtlar Ermənistanda 10 noyabr tarixli sülh sazişi barədə tənqidi fikirlər əmələ gəlib. Biz bilirik ki, hətta bunun əleyhinə nümayişlər keçirilir. İkinci əhəmiyyətli nəticə sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Təsdiq edilib ki, ilin sonunadək konkret mexanizm yaradılacaq. Paşinyan işçi qrupu formalaşdıracağını təsdiq edib. Yerevanda hansısa siyahılar tərtib edirlər. Bu, çox yaxşıdır, özü də xəritələr artıq hazırdır və onlar Rusiya baş qərargahındadır”.
Ekspertin fikrincə, danışıqlarda əldə olunan üçüncü nailiyyət ondan ibarətdir ki, Prezident Vladimir Putin Brüsseldə görüşlə bağlı onun Avropa İttifaqının rəhbəri ilə yaxşı əlaqələri olmasını bəyan edib. Politoloq vurğulayıb:

“Bu, bizdə ümid yaradır ki, Avropa İttifaqı 2020-ci il 10 noyabr tarixli razılaşmaya zərbə endirməyəcək. Axı belə təhlükə var idi ki, bu sazişin təşəbbüskarı qismində Rusiya çıxış etdiyinə görə, Avropa İttifaqı bu sazişi poza bilər. İndi Brüssel görüşünə dair bizdə pozitiv gözləntilər yaranır”.

S.Markov vurğulayıb ki, danışıqların əsas mövzularından biri də nəqliyyat dəhlizlərinin açılması məsələsi idi. O deyib: “Bu istiqamətdə də yaxşı irəliləyişlər var. Bir neçə gündən sonra Moskvada Baş nazirlərin müavinlərinin görüşü təşkil olunacaq. Ola bilsin ki, onlar konkret razılaşmalara keçmək üçün liderlərdən razılıq alıblar. Rusiya sərhəd xidmətinin adı çəkiləndən sonra daha bir müəyyənlik yarandı. Bu, ona işarə edilə bilər ki, Zəngəzur dəhlizinin mühafizəsini məhz Rusiyanın sərhəd xidməti yerinə yetirəcək. İş orasındadır ki, Ermənistan Zəngəzur dəhlizinin iqtisadiyyata təkan verəcəyini başa düşür. Lakin o, qorxur ki, bu dəhliz gələcəkdə Zəngəzurun Ermənistandan Azərbaycana keçməsində siyasi cəhətdən hansısa dayaq, vasitə rolu oynaya bilər. Xüsusən ona görə ki, özü də onlar Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər”.
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinin həlli üçün bir çox texniki məsələlər müzakirə edilməlidir. Ola bilər ki, iki-üç həftə ərzində hansısa parametrlər müəyyən olunsun.
“Şübhəsiz, görüş Azərbaycan üçün uğurlu oldu. Birincisi, Zəngəzur dəhlizi mövzusu başlıca mövzu idi. İkincisi, jest dili deyilən bir anlayış var. Görüşü müşahidə edərək deyə bilərəm ki, İlham Əliyev və Vladimir Putin vahid komandadır, Paşinyan isə onlardan kənardadır. Bu, çox şey deməkdir. Mənə elə gəlir ki, bu, münaqişənin nizamlanmasında əsas rol oynayan Rusiya rəhbərliyi tərəfindən Azərbaycanın mövqeyinin eşidiləcəyinə zəmanətdir”, - deyə S.Markov sonda bildirib.
Həmçinin oxuyun:
İlham Əliyev: Zəngəzur dəhlizi reallığa çevrilir