MƏDƏNİYYƏT

Azərbaycanda çəkilən dünya filmləri

Bakının gözəlliyi, qədimliyi, dəniz sahilində yerləşməsi xarici rejissor və prodüserlərin film çəkilişləri üçün tez-tez bu şəhəri seçmələrinə səbəb olub.
Sputnik
XX əsrin əvvəllərindən bir çox məşhur xarici filmlərin çəkilişi Azərbaycanda, xüsusən paytaxt Bakıda aparılıb. Sputnik Azərbaycan həmin filmləri sizə təqdim edir.
1912-ci ildə Azərbaycanda çəkilən ilk xarici film Gürcüstana məxsusdur. Həmin il gürcü rejissoru Vasil Amaşukeli ölkəmizdə "Akaki Tseretelinin Raça-Leçxumiya səyahəti" filmini çəkib. 1926-cı ildə gürcü rejissor İvan Peristianinin "Knyajna Şirvanskayanın cinayəti" filminin də çəkilişləri Azərbaycanda aparılıb. Rejissorlar Boris Barnet və Səməd Mərdanovun "Mejrabpomfilm" və "Azərfilm"in birgə istehsalı olan "Ən mavi dənizin sahilində" filmi 1935-ci ildə Bakıda ekranlaşdırılıb.
Rejissor Rolan Bıkovun "Aybolit" (1966) filminin əsas səhnələri Bakıda və Xəzər dənizində çəkilib. Bu ekran işi 30-dan artıq dildə yayımlanıb. Dövrünün ən baxımlı uşaq filmi hesab olunur.
"Amfibiya adam" filminin ssenarisi o qədər qəliz idi ki, 10 il müddətində çəkiliş üçün yer tapa bilmirdirlər. 1961-ci ildə Vladimir Çebotaryov və Gennadi Kazanski filmi Azərbaycanın paytaxtında çəkməyi qərara alıblar. Film üçün Bakı ideal bir yer idi, çünki ssenari üzrə hadisələr həm quruda, həm də dənizdə cərəyan edirdi.
Rejissorlar Aleksandr Alov və Vladimir Naumovun 1980-ci ildə birgə çəkdiyi "Tehran-43" filminin də bəzi hissələri Azərbaycanda lentə alınıb. SSRİ, Fransa, İsveçrə və İspaniyanın birgə reallaşdırdığı bu ekran işində ən maraqlı səhnələr Bakı küçələrində çəkilib. Dünya ulduzu Alen Delonun çəkildiyi bu film uzun illər ən baxımlı detektiv filmi olub.
1999-cu ildə rejissor Maykl Eptedin "Dünya kifayət deyil" ("Ceyms Bond" macəralarından biri) filmi də Bakıda - Bibiheybət qəsəbəsində çəkilib. Xatırladaq ki, bu yaxınlarda "Agent 007" rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu yayılmışdı. Ceyms Bond kimi tanınan İrlandiya əsilli aktyorun fotosu 1,9 milyon izləyicisi olan "007" adlı rəsmi "Instagram" səhifələrində paylaşılmışdı. Hollivudun çəkdiyi və Pirs Brosnanın rol aldığı bu film prokat üzrə bir neçə il ilk pillədə yer alıb. Qeyd edək ki, P.Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsinin çəkilişlərini xatırlayaraq: "Azərbaycanda bizi çox səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğın sürətlə hərəkət etdik və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını gördük. Qeyri-adi mənzərə idi, amma film üçün bizə çox yarayırdı. Çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram", - demişdi.
Bəzi turistlərin Bakıya gəlməsinə səbəb olan, bu gün də sevilən "Brilyant əl" kinokomediyasını hətta "Bakının vizit kartı" da adlandırırlar. Çünki ölməz sənətkarlar Yuri Nikulin və Andrey Mironov İçərişəhərdə filmin ən yaddaqalan səhnələrini canlandırıblar. Filmin rejissoru Leonid Qaydaydır. Sovet kinosu tarixində komediya janrında çəkilmiş ən məşhur ekran əsərlərindən olan "Brilyant əl" kinokomediyasının müəyyən epizodları İçərişəhərdə - Qala divarı, Qız qalası, Cümə məscidi, Şirvanşahlar sarayı olan ərazidə lentə alınıb.
1986-cı ildə Çili rejissoru Sebastyan Alarkonun "Çili üzərində gecə" və "Nobel" mükafatçısı yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri Bakıda çəkilib.
2002-ci ildə Çingiz Abdullayevin romanlarının motivləri əsasında çəkilmiş 13 seriyalı "Dronqo" filmi də ölkəmizdə çəkilmiş filmlər sırasındadır. Rejissor Zinovi Royzmanın rejissorluğu ilə çəkilmiş filmdə gürcü, rus aktyorları ilə yanaşı, azərbaycanlı aktyorlar - Pərviz Məmmədrzayev, Həmidə Ömərova, Ötkəm İsgəndərli, Sadıq Əhmədov, Firdovsi Atakişiyev, Kamran Yunis, Məbud Məhərrəmov və Anar Heybətov da rol alıblar.
Eləcə də oxuyun:
* Şəkidən-Moskvaya və böyük sənətə - Azərbaycan kinosuna italyan neorealizmini gətirən adam
* Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi
* Fransa şirkətləri ilə müştərək çəkilən "Mərmər soyuğu" filminin çəkilişləri başa çatıb
* "Ya çoxlu pul və yaradıcılıq azadlığından imtina, ya da az pulla yaradıcılıq azadlığı"
* Yeddi milyon manat azdır - deputatlardan xahiş
* "Zəhər tuluğu" bədii filmi dekabrda ekranlara çıxacaq