BAKI, 27 noyabr — Sputnik. Oğuzda minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində Oğuz-Xaçmaz avtomobil yolunda baş verib.
Xaçmaz sakini, 29 yaşlı Həşimli Aqil Zaman oğlu idarə etdiyi “VAZ-2109” markalı minik avtomobilini idarə edərkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü dünyasını dəyişib.
Avtomobildə olan 53 yaşlı sərnişin, sürücünün anası Ruqiyə Həşimova isə müxtəlif bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, sürücü Aqil Həşimov 15 gün əvvəl toy edibmiş. Qəza baş verəndə də anası ilə birlikdə xalası oğlunun toyuna gedirmiş.
"Səhər heyvan otarırdım, güclü səs oldu. Səsə gəldim. Gördüm ki, maşın ortadan bölünüb, yaralılar var. Apardılar, sonrası bilinmir. Qadın yaxşı idi, sürücü bir az ağır idi”, - hadisə şahidi Fərid Əzizov deyib.