BAKI, 27 noyabr — Sputnik. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) üç üzvü ilk dəfə olaraq Avropa Olimpiya Komitəsinin (AOK) müxtəlif komissiyalarına seçilib.
Slovakiyanın Şamorin şəhərində noyabrın 25-26-da Avropa Olimpiya Komitələrinin 41-ci seminarına yekun vurulub. Tədbirdə Azərbaycan MOK-u Mehman Kərimov təmsil edib.
Seminar çərçivəsində keçirilən AOK-un icraiyyə komitəsin iclasında növbəti dövr üçün 9 komissiya və 2 işçi qrupunun yeni tərkibi təsdiq edilib. Qərara əsasən, Azərbaycan MOK-un 3 əməkdaşı – Azər Əliyev Avropa Gənclər Avropa Komissiyası, Mehman Kərimov Marketinq Komissiyası, Anar Bağırov Avropa Birliyi və Beynəlxalq Əlaqələr Komissiyasının yeni üzvləri olaraq təsdiq ediliblər.
Seminar müddətində qitə MOK-ları Tokio 2020 Yay Olimpiya Oyunlarının yekunları haqqında təqdimatı dinləyib, Pekin 2022 Qış Olimpiya Oyunları, Vuokatti 2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa 2022 Yay Avropa Gənclər Olimpiya Festivalı və Krakov 2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq vacib bir sıra məsələlərə dair qeyd və təkliflərini veriblər.
Seminarda müzakirə olunan mühüm sənədlərdən biri AOK-un 2030-cu il üçün hazırladığı Strateji Gündəlik olub. Bununla yanaşı, MOK-lar Avropa Birliyinin qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlar ilə tanış olublar.
Eləcə də oxuyun:
* Azər Əliyev: Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq