BAKI, 27 noyabr — Sputnik. 2021-ci ilin oktyabr ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 13.48% artaraq 2.61 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2018-2020-ci illər ərzində pambığın dünya bazar qiymətində azalma müşahidə olunsa da, 2020-ci ilin son rübündəki artım sonrakı rüblərdə də davam edib. Aylıq müşahidə dövründə isə 2020-ci ilin iyun ayından etibarən pambığın dünya bazar qiymətində müşahidə olunan artım 2021-ci ilin mart-may ayları ərzində azalma ilə əvəz edilsə də, iyun ayından etibarən yenidən artım tendensiyası qeydə alınıb.
Dünya üzrə pambıq balansına əsasən, 2021/22-ci məhsul ili ərzində pambığın istehsalında, o cümlədən qlobal təklifdə 2020/21-ci məhsul ili ilə müqayisədə artım qeydə alınacağı proqnozlaşdırılır. Çinin və digər ölkələrin pambıq ehtiyatlarındakı azalma, həmçinin dünya üzrə pambığın fabrik istehlakındakı artım qlobal ehtiyatlarda azalmaya gətirib çıxaracaq.
Azərbaycanda pambıq yığımı 20,9 faiz azalıb
Qeyd edək ki, bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda sahələrdən 183,9 min ton (20,9 faiz az) pambıq yığılıb. Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5% azdır. Cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib.