BAKI, 26 noyabr — Sputnik. Qiyabi oxuyan tələbələrə tələbə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil nazirinin müavini İdris İsayev qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.
Nazir müavini bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur:
"Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir".
İdris İsayev deyib ki, yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət forması sadələşdiriləcək:
"Hətta ola bilsin, bu məsələ günün sonuna qədər reallaşdırılsın".
Nazir müavini bildirib ki, notarial qaydada təsdiq edilən ərizənin nömrəsi və həmin şəxsin FİN kodunu sistemə daxil edərək onların da bu xidmətdən istifadə imkanları təmin ediləcək.
Həmçinin oxuyun:
Tələbə kreditləri verilərkən kimlərin balı nəzərə alınmayacaq? - Nazir müavini açıqladı