DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda azərbaycanlı gənclər üçün xüsusi təlim keçirilir

Dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verilib, “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçirilib.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda azərbaycanlı gənclər üçün növbəti təlim keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, təlimlər “Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Akademiyası" layihəsi çərçivəsində təşkil olunur. Layihə Gürcüstan Xarici İşlər Nazirliyi nəzdindəki “NATO və Avropa Birliyi Haqqında İnformasiya Mərkəz”inin Kvemo Kartli bürosu və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.
Noyabrın 25-də təlimçi Temo Suxaşvili dinləyicilərə NATO-nun prinsipləri ilə bağlı məlumat verib. Noyabrın 26-da isə digər təlimçi David Dzidzişvili “Dezinformasiya və Media savadlılığı” mövzusunda təlim keçib.
SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov bildirib ki, təlimlərin əsas məqsədi region gənclərinə NATO və Avropa İttifaqının tarixi barədə ətraflı məlumat vermək, onların Gürcüstanın Qərbə inteqrasiya prosesi, imkan və üstünlükləri haqqında məlumatlılığının artırılmasıdır.
“İlin sonunadək davam edəcək layihədə 28 nəfər gənc iştirak edir” - deyə, Əhmədov vurğulayıb.