YAZARLAR

Səhrada cənnət: dəniz suyu təmizlənir, balıq da yetişdirilir, zeytun da

İsrail hökuməti Aralıq dənizində olan suyu təmizləmək üçün yeni qurğular inşa edib. Beləliklə, insanların suya olan tələbatı tam ödənilir.
Sputnik
Dünyanın ən çox qorxduğu problemlərdən biri susuzluqdur. Su qıtlığı bu gün hətta ən uğurlu ölkələrdə belə duyulmaqdadır. Belə olmasaydı, hər gün yeni bir texniki vasitə, suya qənaət etmək üçün nəsə bir imkan yaradılmazdı. Təmiz su ehtiyatı tükənir deyə alimlər dayanmadan bu istiqamətdə işləri davam etdirirlər.
İçməli su çoxdan ərşə çəkilib
Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Xüsusi sensorla suyu açıb-bağlayan sistemlərin quraşdırılması, ayaqyolunda suyu az və ya çox verə bilən iki düymənin təklif edilməsi, damcılı suvarma sisteminin kəşfi, çirkab sularının təmizlənərək yenidən texniki məqsəd üçün istifadəsi, yağış suyunun toplanması kimi maraqlı yeniliklər suya olan tələbatın nə qədər yüksəldiyinə bir işarədir.
Planetdə su problemi yoxdur, hər tərəfimiz elə çay, göl, dəniz, okeandır. Sadəcə insana yararlı olan su azdır. Hər bir ölkə ərazisindən axan çaylardan maksimum dərəcədə yararlanmağa çalışır, qonşunu düşünən azdır. Sudan həm elektrik enerjisi alınır, həm rezervuarlara doldurulur, həm də kənd təsərrüfatında istifadə edilir. Nəticədə kim su mənbəyinə daha yaxındırsa, o da qazanır. Ölkə var, xəritədə ərazisində çay olmalıdır, amma ələ gələsi bir su tapılmır. Quraqlıq illərində çayların bir çoxu quruyub gedir, yağış mövsümündə isə çayda yenidən su əmələ gəlir.
Suyun çatışmazlığı bir çox regionda əsl başağrısına çevrilib. Əhalisi artıq 10 milyonu ötən bir çox meqapolisdə suyun olmaması ciddi tədbirlərə əl atmağa gətirib çıxarıb. Braziliyanın San-Paulu şəhərində haradasa 20 milyondan artıq insan yaşayır. İçməli su çoxdan ərşə çəkilib, onu əldə etmək üçün artıq hansısa mərkəzləşdirilmiş xətlərlə suyun verilməsi bəs eləmir.
Hər yeni yaranan mikrorayonda mütləq dərin artezian quyu qazılır, özü də, kənardan kimsə buradan su götürə bilməz. Pulunu ödəyib quyu qazdıran sakinlər prosesə ciddi nəzarət edirlər, həm təhlükəsizlik qorunur, həm də suyun özü. Braziliyada ümumi su çatışmazlığı olduğundan belə bir nəhəng şəhərə su çatdırmaq çətin məsələdir.
Hər sakinin payına həftədə cəmi 8-10 litr su düşür
Bəşəriyyət təbiətdə olan su ehtiyatını artırmaqda acizdir, çünki əhali sayı günü-gündən çoxalır, tələbat da buna uyğun olaraq yüksəlir. Biz olan suyu daha qənaətlə işlətməyi öyrənməli, daha mükəmməl texnologiyadan yararlanmalıyıq. Məsələn, götürək Hindistanı. Böyük ölkədir, əhalisi 1 milyarddan artıqdır. Heç də hamıya su çatdırmaq olmur. Elə bölgəsi var, orada hər bir sakinin payına həftədə cəmi 8-10 litr su düşür. Yəni heç içməyə bəs eləmir. Həmin yerdə yaşayan insanlar həsrətlə yağış mövsümünü gözləyir, hər səhər toplanan şehi yığırlar. Belə də yaşayırlar.
Bununla yanaşı, Hindistan dünyanın ən böyük düyü istehsalçılarından biridir. Düyü də suda yetişdirilir. Bir sözlə, ölkədə su var, amma bəzi insanlar üçün əlçatmazdır. Özü də bu gün ən ciddi problem əhalini su ilə təmin etməklə yox, sənayedə və kənd təsərrüfatında işlənən suyun azalması ilə bağlıdır. Bir çox ölkədə artıq hətta torpağın səthini xüsusi materialla örtürlər, çünki bu halda həm su itkisi azalır, həm də məhsulun bir hissəsi quş və həşəratdan qorunur.
İsrail gündə 450 milyon kubmetr su təmizləyir
Su qıtlığı ən çox səhra əraziləri bol olan regionlarda duyulur. Bu səbəbdən İsraildə, bəlkə də dünyanın ən maraqlı su sistemi qurulub. Ölkədə su, demək olar, yoxdur. Hər tərəf səhradır, torpağı da məhsuldar deyil. Məcburiyyətdən ölkədə olduqca güclü su təchizatı sistemi yaradılıb. İsrail əsasən suyu Təbəriyyə (Qalilə) dənizi və ya Qalilə gölündən əldə edir. Bu, ölkənin yeganə içməli şirin su hövzəsidir. Yağış olarkən su çox olur, olmayanda bir qədər problem yaranır.
İsraildə 1953-cü ildən başlayaraq dövlət su təchizatı sistemi qurulub. Hər tərəfə su xətləri çəkilib, xüsusi su kanalları və anbarları yaradılıb. Hər tərəfi səhra olan bir ölkədə su yenə də çatışmadığından İsrail hökuməti Aralıq dənizində olan suyu təmizləmək üçün yeni qurğular inşa edib. Beləliklə, insanların suya olan tələbatı tam ödənilir. Hazırda İsrail gündə 450 milyon kubmetr su təmizləyir. Yəni dəniz suyu 1,5 saata təmizlənərək istifadəçinin evinə çatdırılır. Bu texnologiya artıq dünyanın 40 ölkəsində istifadə edilir.
Səhranın ortasında onlarla balıq növü yetişdirilir
Günü-gündən su istehsalını artıran İsrail yaxın gələcəkdə qonşularını da su ilə təmin etmək niyyətindədir. Bir qədər suyu İsrail hazırda İordaniyaya ixrac edir. Suyun kənara ötürülməsi əslində regionda sülhün də bərqərar olmasına şərait yarada bilər, çünki istənilən gərginlik və münaqişə prosesi pozmaqla nəticələnəcək. İnsanlar yenə də susuzluqdan əziyyət çəkəcəklər.
İsraildə suya qənaət edən texnoloji yeniliyə imza atılıb. Məsələn, xüsusi şeh toplayan qurğular yığılan suyu xüsusi xəttin köməyi ilə birbaşa bitkinin kökünə ötürür. Beləliklə, həm su itkisi olmur, həm də lazımsız alaq otlarının artımına şərait yaradılmır. Daha bir yeniliyin köməyi ilə İsraildə artıq istifadə olunmuş suyun yenidən istifadəsi üçün xüsusi texnologiya düşünülüb. İsraildə belə suyun 80 faizi yenidən dövriyyəyə qaytarılır. Ultrabənövşəyi şüanın köməyi ilə su zərərsizləşdirilir, sonra kənd təsərrüfatında istifadə edilir. Olduqca təmiz bir su olmalıdır, çünki onunla meyvə-tərəvəz sulanır.
İsraildə təmiz su qıtlığı var, amma Negev səhrasının aşağı qatlarında çox böyük bir su ehtiyatı da tapılıb. Suyun duzluluğu yüksək olduğundan içmək üçün yararlı deyil, üstəlik təmizləmək də baha başa gəlir. Bu sudan yararlanmaq üçün İsraildə külli miqdarda balıq fermaları inşa edilib, səhranın ortasında şor suda yaşayan onlarla balıq növü yetişdirilir. İsrail həm nərə balığı, həm də qara kürü istehsalı üzrə lider ölkələrdəndir. Balıq təsərrüfatlarının ətrafında adətən zeytun bağları salınır, çünki burada yaranan qalıqlar zeytun ağaclarının dibinə ötürülür, məhsuldarlıq da yüksəlir.
İsrail texnologiyası çox yerdə istifadə edilir. Hindistan damcılı suvarma sisteminə keçdikdən sonra məhsuldarlığı xeyli artıra bilib. Hətta Afrika ölkələrində belə, suya qənaət edən bu suvarma növündən yararlanırlar.
Azərbaycanın içməli suyu elə də çox deyil
Bəs Azərbaycanda suya qənaət barədə düşünülürmü? Ümumən su ehtiyatı elə də çox olmayan ölkələrə aid edilir. Yəni Azərbaycanın içməli suyu elə də çox deyil. Kənd təsərrüfatında da suyun istifadə payı böyükdür. Əlbəttə, bu gün adı hallanan damcılı suvarma sistemləri ölkədə tətbiq edilir, amma bunun bazarı tam zəbt etməsindən danışmaq hələ tezdir. Bəzi mütəxəssislər ölkədə kifayət qədər suyun olduğunu iddia edirlər, sadəcə suyun ağılla, başla sərf edilməsində xeyli problem var.
Məsələn, qrunt suları var, amma onların idarə edilməsi başlı-başına buraxılıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yalnız və yalnız bu suların yaratdığı problemlə məşğul olur. Yəni məsələni diqqətdə saxlayır, yeri gələndə nəsə tədbir görür. Amma düzgün yanaşma olmadığından qrunt suları Bakının bir çox qəsəbəsi üçün əsl başağrısına çevrilib. Qrunt sularından nəinki düzgün istifadə edilmir, onların ən azı təbii göllərə və dənizə çıxışının da qarşısı alınıb. Nəticədə Abşeronun bir çox hissəsində bataqlıq ərazilər yaranıb, qamış hər yeri basıb, ağcaqanad əlindən yaşamaq mümkün deyil. Ərazilərə su verilir, çirkab sularının axıb getməsi üçün isə kanalizasiya yoxdur. Su da özünə bir yol axtarıb üzə çıxır.
İsraildə suyun yenidən emalı nəticəsində kənd təsərrüfatı kifayət qədər su ilə təmin edilir. Azərbaycanda isə çirkab sularının təmizlənməsində gerilik duyulur, mövcud sistem suyu tam təmizləyə bilmir. Digər tərəfdən təmizlənən su da tam təsərrüfat məqsədi üçün istifadə edilmir, elə dənizə buraxılır. Həm təmizlənmiş su, həm də bəzən təmizlənməmiş su dənizə axır. Həm dəniz zibillənir, həm də qiymətli su dənizə axıdılır.
Su orada sızır, burada sızır
“Azərsu”dan əhaliyə verilən suyun haradasa yarısı itir, yəni borularda olan nasazlıq səbəbindən su istifadəçiyə tam halda çatmır. Bunu görmək üçün uzağa getməyə də ehtiyac yoxdur, elə Bakıətrafı kəndlərə kiçik bir yürüş etmək bəs edər. Su orada sızır, burada sızır. Xətlər elə torpağın səthi ilə çəkilib, şaxta vuran kimi də partlayır, su da hər yeri aparır. Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında keçirdiyi müşavirədə bu problem qeyd edilib. Dövlət başçısı su itkisinin 40-50 faiz səviyyəsində olduğunu qeyd edib. Tədbirlər planı qəbul edilsə də, onun reallaşmasında gecikmənin olduğu duyulur.
Özü də ölkədə artıq “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb. Yəni artıq Azərbaycanın su ehtiyatı bir növ ağıllı sistemin köməyi ilə idarə olunmalıdır. Olunurmu? İnsanlar bir tərəfdən daim susuzluqdan əziyyət çəkirlər, digər tərəfdən isə Abşeronun gözəl ərazisi bataqlığa çevrilir. Suyu olmayan İsrail nərə balığı və kürü yetişdirir, bizdə isə adi kefal belə tapılmır. Allahın kilkəsi, çapaq balığı belə, yoxa çıxıb. Hər bir nemətimiz var, amma ağılla idarə etmək yoxdur. Belə getsə, ölkənin yarısı olacaq səhra, yarısı bataqlıq. Bizə də yalnız səhrada yerləşən, amma başdan-ayağa yaşıllığa bürünən ölkələrə baxıb həsəd aparmaq qalacaq.