BAKI, 25 noyabr — Sputnik. Amerikadakı infrastruktur Rusiya və Çinin elektromaqnit silahlarının hücumlarına tab gətirməyə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "The Washington Times" qəzeti yazır. Qəzet BMT ECOSOC nəzdində məsləhətçi statusuna malik "Dünya Sülh Federasiyası" konfransının nəticələrinə istinad edir.
Mütəxəssislərin fikrinə görə, bu problem uzun müddətdir müzakirə olunur, ancaq Çində hipersəsli silahların bu yaxınlarda sınaqdan çıxarılması onu xüsusilə aktuallaşdırıb.
Ekspertlər əmindirlər ki, əgər mövcud texnologiyalar yeni icadlarla birgə istifadə olunarsa, Pekin amerikalıları "bir zərbə ilə" elektrik enerjisiz, su təchizatsız, kanalizasiyasız, nəqliyyatsız və ticarətsiz qoya bilər.
"Onlar təkcə elektromaqnit silahlarından deyil, həm də kiberhücumlardan, həmçinin fiziki təxribatdan istifadə edəcəklər", – deyə qəzet MKİ-nin keçmiş analitiki Piter Vincent Prayanın sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, bu cür təhlükə Rusiya və KXDR-dən gəlir, baxmayaraq ki, sonuncunun Çində olduğu qədər bu cür geniş imkanları yoxdur.
Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər.
"Bu ölkələr bir gündə bizi diz üstə çökdürə bilər və eyni zamanda nə dəniz piyadaları, nə donanma, nə də Hərbi Hava Qüvvələri ilə döyüşməyə ehtiyac qalmayacaq", - ekspertlər hesab edirlər .
Onlar əmindirlər ki, artıq ABŞ-ın qiyamət gününün potensial ssenarisinin qarşısını almaq üçün düşünməyin vaxtı çatıb.