SƏHİYYƏ

Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib

Sputnik
BAKI, 25 noyabr — Sputnik. Cənubi Afrikada "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istnadən xəbər verir ki, bu barədə "eNCA" yerli telekanalı məlumat yayıb.
Bu yaxınlarda "Daily Mail" nəşri İngiltərə alimlərinin Botsvanada 32 mutasiyadan ibarət koronavirus ştammının yaranması barədə xəbərdarlıq etdiklərini xəbər verib. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir, ştamm birləşdirmə zülalında bütün digər COVID-19 variantlarından daha çox dəyişikliklərə malikdir.
Cənubi Afrikadakı mütəxəssislər peyvəndlərin bu ştamma qarşı təsirli olub-olmayacağına cavab verə bilmirlər. Telekanalın məlumatına görə, B.1.1.529 artıq Botsvana və Honkonqda aşkar edilib.
Daha sonra Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu da ölkədə hazırda 22 yoluxma halı qeydə alınaraq yeni ştammın aşkar edildiyini təsdiqləyib. "Hələlik bu barədə məlumat azdır, ancaq mütəxəssislərimiz yeni ştammı və onun potensial nəticələrini anlamaq üçün bunun üzərində işləyirlər", - deyə institutun icraçı direktor əvəzi Adrian Pyuren vurğulayıb.
İnstitutdan bildirilib ki, yeni ştammların yaranmasından asılı olmayaraq insanlar peyvənd olunmalı, maska taxmalı, şəxsi gigiyena qaydalarına və sosial məsafəyə riayət etməlidirlər.