BAKI, 25 noyabr — Sputnik. Ali təhsil müəssisələrində ənənəvi dərslər başlayandan Bakı Dövlət Universitetinin qarşısı, Zahid Xəlilov və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində nəqliyyatın hərəkəti iflic olub.
Universitetdə təhsil alan tələbələrin əksəriyyəti şəxsi minik avtomobillərini yolun hərəkət hissəsində saxladıqlarından, bu küçə ilə ictimai nəqliyyatın da hərəkəti də müşkülə dönür.
Zahid Xəlilov-23 ünvanında avtomobillər günün əsasən günorta saatlarında saatlarla tıxacda qalır. Yaranmış vəziyyət sürücüləri də hiddətləndirib. Onlar həftənin beş günü bu ərazidə xüsusilə günorta 13:00 radələrində nəqliyyatın hərəkətinin iflic olduğunu, tıxacda qaldığını söyləyirlər.
Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı da şikayətlər öz təsdiqini tapıb. Müşahidələr zamanı məlum olub ki, BDU-nun qarşısında sürücülər nəinki avtomobili yolun hərəkət hissəsinin ikinci hissəsində, hətta yolun ortasında saxlayaraq avtomobili tərk edirlər.
Avtomobilini yolun hərəkət zolağında saxlayan sürücülər isə ərazidəki parkinqlərdə boş yer olmadığını əsas gətirərək məsuliyyəti öz boyunlarından atmağa çalışdılar.
Bəxtiyar Vahabzadə küçəsində
© Sputnik / Zulfiyya Guluyeva
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazidə BNA-nın kamerası var. Dayanma-durma qaydasını pozanlar kameral görüntü vasitəsilə qeydə alınaraq cərimələnir: "Həmçinin bizim əməkdaşlarımız günün müxtəlif saatlarında ərazidə monitorinq aparırlar. Bəzən növbə dəyişən zaman sürücülər qısa zamanda yaranmış nəzarətsizlikdən istifadə edərək qayda pozuntusuna yol verir, avtomobili yolun hərəkət hissəsində və dayanma-durmanın qadağan olduğu yerdə saxlayırlar. Bu da digər hərəkət iştirakçıları üçün ciddi problem yaradır".