BAKI, 24 noyabr — Sputnik. Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək"- nazir qeyd edib.
Nazir, həmçinin bildirib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: "Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".
A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".