SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Soçi görüşü öncəsi Paşinyanın açıqlamaları nədən xəbər verir?

Rusiyada Paşinyanın kim olması və hansı siyasi oyunlar qurduğunu yaxşı dərk edirlər.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcəklər. Görüş öncəsi Ermənistan baş naziri Nikol Paşinyanın iddialı açıqlamaları bu baxımdan diqqət çəkən məqamdır. Xatırladaq ki, Soçi görüşündən əvvəl Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində görüşü barədə razılıq əldə olunmuşdu.
Sputnik Azərbaycan Soçi görüşü öncəsi cərəyan edən siyasi proseslərlə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan Rusiyanın məsələlərin həllinə birmənalı yanaşmadığını göstərməyə çalışır. Onun sözlərinə görə, buna görə də Paşinyan administrasiyası iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etməyə çalışır: "Ermənistan istəyir ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin. Lakin Rusiyada Paşinyanın kim olması və hansı siyasi oyunlar qurduğunu yaxşı dərk edirlər. Buna görə də Rusiya tərəfi prosesləri nəzarətdə saxlamağa çalışır".
DÜNYA XƏBƏRLƏRİ
Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin Azərbaycanın düşməni deyil - Paşinyan
Millət vəkili qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir.
"Bu proseslərdə Azərbaycan diktə edən tərəfdir. Ona görə də Azərbaycan təmkinli şəkildə öz siyasətini sərgiləyir. Bizim əsas məqsədimiz sərhədlərin müəyyən edilməsi və təklif olunmuş "3+3" formatının reallaşmasıdır. Unutmaq lazım deyil ki, regionda Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur. Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Buna görə də bütün tərəflərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır. Bizim xarici siyasətimizin əsasında da ərazi bütövlüyümüzün tanınmasını qəbul etdirmək dayanır. Danışıqlar prosesində də bu müddəanın yerinə yetirilməsini təmin etmək istəyirik".
Arzu Nağıyev
Millət vəkili
Arzu Nağıyev Paşinyanın çıxışlarının daxili auditoriyaya hesablandığını düşünür və deyir ki, bu fikirlər spekulyasiya xarakteri daşıyır: "Ermənistan məğlub ölkədir. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün çıxışlar edir. Amma reallıq danışıqlar masasındakı mövzulardır. Ermənistan tərəfi bu reallıqları qəbul etməyə məcburdur".
Politoloq Fərhad Məmmədov deyir ki, Soçi görüşündən öncə noyabrın əvvəlində liderlərin görüşü gözlənilirdi, amma Ermənistan tərəfi bu görüşdən yayındı: "Daha sonra Avropa İttifaqının vasitəçiliyi ilə belə bir görüşün keçiriləcəyi xəbəri yayıldı. Bu zaman diqqət Rusiyanın üzərində idi. Çünki Azərbaycan və Ermənistan arasında baş verən proseslərin nizama salınmasında Rusiya vasitəçilik missiyasını yerinə yetirir. Bunun nəticəsi olaraq Soçidə görüş keçiriləcəyi xəbəri yayıldı. Soçi görüşünü maraqlı edən həm də onun formatıdır. Bu görüşdə üçtərəfli formatla yanaşı, həm də ikitərəfli formatda görüşlərin keçiriləcəyi gözlənilir. Bu isə o deməkdir ki, tərəflər konkret məsələlər ətrafında birbaşa müzakirələr aparacaqlar".
Görüşün mümkün nəticələri haqqında danışan politoloq qeyd edib ki, burada da hər hansı bir bəyanat ola bilər.
"Bu bəyanat da 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 21 yanvar bəyanatlarını təsdiq etmə xarakteri daşıya bilər. Hətta bir az da irəli gedib, hər hansı bir komissiyanın fəaliyyətə başlaması və ya yol xəritəsinin yaradılmasına şahid ola bilərik. Paşinyanın açıqlamalarını isə ümumiyyətlə şərh etməyə dəyməz. O, ölkə daxilində iddialı açıqlamalar versə də, danışıqlar masasında fərqli davranır. Onun dediyi və elədiyi arasında böyük fərq var".
Fikrət Məmmədov
Politoloq
Eləcə də oxuyun:
* Kreml Əliyev, Putin və Paşinyanın görüşəcəyi tarixi açıqladı
* Yerevan və Bakı arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurulub - Paşinyan
* Ermənistan Azərbaycanla sərhəd məsələsini parlamentin müzakirəsinə çıxarır
* Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etdi