AZƏRBAYCAN XƏBƏRLƏRİ

İşsizlikdən sığorta fondunun gələn il üçün büdcəsi qəbul edilib

Özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi deputatların müzakirəsindən sonra ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, işsizlikdən sığorta fondunun büdcəsi keçənilki büdcəsindən 14% çox olmaqla fondun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər şəkildə - 180 milyon 375 min manat məbləğində müəyyənləşdirilib.
Fondun büdcəsinin 75,7%-nin, yəni 136,4 milyon manatının işsizlikdən sığorta haqları üzrə, 24,3%-i və ya 43,9 milyon manatının isə cari ilin qalıq vəsaiti hesabına formalaşdırılması proqnozlaşdırılıb.
Komitə sədri qeyd edib ki, xərclərin bütün istiqamətləri üzrə ötən ildən çox vəsait nəzərdə tutulub. Qeyd olunub ki, xüsusən özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 110 min manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.