SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Vatikanda səfirlik açır

Prezident Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi barədə qanunu imzalayıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilir.
Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Xatırladaq ki, Milli Məclis oktyabrın 29-da keçirilən iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini səsə qoyaraq təsdiqləyib.
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, dini sahədə dünya siyasətinə böyük təsiri olan bir dövlətlə - Vatikanla diplomatik münasibətlərin səfirlər müstəvisində qurulması birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir.