BAKI, 21 noyabr — Sputnik. Mənzil sahibi olmaq üçün müxtəlif proqramlar, layihələr olsa da, şərtlər və kateqoriyaların məhdud olaraq müəyyənləşməsi cəmiyyətin böyük bir qisminin ipoteka krediti yolu ilə mənzil almasında maneələr yaradır. Bunun da əsas səbəbi faizlər və tələblərin yüksək olmasıdır.
Bir neçə gün öncə Milli Məclisin deputatı Könül Nurullayeva da bu problemi qabardaraq 2022-ci ilin dövlət büdcəsi ilə bağlı sosial problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürüb. Millət vəkili sosial evlərin sayının artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, ipoteka kreditlərinin həcminin artırılması, əlçatanlığının təmin edilməsi önəmlidir. K.Nurullayevanın sözlərinə görə, əhalinin aztəminatlı təbəqələri üçün ipotekadan istifadə imkanları mövcud tələbata adekvat olmalıdır.
İpoteka kreditləri ilə bağlı maliyyə naziri Samir Şərifov isə bildirib ki, əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34% artırılması nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur.
Hansı alətləri işə salmaqla əhalinin digər təbəqələrinin də mənzilə olan tələbatını qarşılamaq olar? Sputnik Azərbaycan bu mövzunu araşdırmağa çalışıb.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsas problemlərdən biri İpoteka Fondu üçün ayrılan vəsaitlərin həcminin yetərli olmamasıdır. İpoteka Fondunun maliyyələşdirmə imkanları məhduddur. Daha yaxşı olardı ki, faktiki olaraq mənzili olan və son bir ildə mənzilini özgəninkiləşdirən şəxslər ipoteka yolu ilə mənzil ala bilməsinlər. Çünki onların əksəriyyəti dövlət tərəfindən maliyyələşən mənzilləri ipoteka yolu ilə alır, biznes məqsədi ilə istifadə edir. Nəticə olaraq da bu vəsaitlər aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına yox, bəzi şəxslərin sahibkarlıq maraqlarına xidmət etmiş olur. Yəni onlar bu vəziyyətdən istifadə etməklə başqaları üçün maneə yaradırlar".
R.Həsənov deyir ki, ipoteka krediti almaq üçün mövcud problemlərdən biri də ilkin ödənişlə bağlıdır. Onun sözlərinə görə, ilkin ödənişin həddini aşağı salmaq vacibdir: "2017-ci ilədək qanunda belə bir bənd vardı ki, maksimum 15 faiz və maksimum 10 faiz olmaqla güzəştli və adi ipotekada ilkin ödəniş olsun. Sonra dəyişiklik oldu və banklara şərait yaradıldı.
Nəticə etibarı ilə də bankların hər biri ilkin ödənişi 30 faiz tələb edir. Gənclər və aztəminatlı sosial qruplar üçün bu qədər həddə vəsaitin toplanması mümkünsüzdür. Düşünürəm ki, öncə qeyd etdiyim və bu son olaraq vurğuladığım istiqamətdə qərar qəbul olunsa, maliyyələşmə artsa, İpoteka Fondunun təklif etdiyi mənzillərlə bağlı problemin həll edilməsini daha da yumşaldar və hədəfləri həmin sosial qruplara yönəldə bilər".
Ekspert bildirir ki, gəlirlərə münasibətdə məsələyə baxış olmalı, yuxarı limit müəyyənləşməlidir: "Məsələn, adambaşına gəliri 350-400 manat olan ailələrin ipotekadan istifadəsi məhdudlaşdırılsın. Çünki onlar bazarda digər variantlarla da mənzil problemlərini həll edə bilərlər. Bu yollarla məhdud vəsaitlərdən aztəminatlı ailələrin yararlanmasına şərait yaratmaq olar".
Onun sözlərinə görə, ABŞ-da ipotekalar 3 faizlə verilir: "Bizdə isə dövlət guya hörmət edərək güzəştli təbəqəyə 4 faiz, digər təbəqəyə 8 faizlə kredit verir. Avropada bu rəqəm 2-5 faiz arasında dəyişir. Məsələn, qonşu Gürcüstanda 3,5 faizdir ipoteka krediti. Çünki bu ölkədə bazar liberaldır, rəqabətlidir. Dövlətin vəsaitinə ehtiyac olmadan, daşınmaz əmlak bazarı öz vəsaitləri hesabına bu kapitallaşmanı həyata keçirə bilir".
Bəs vətəndaşlar nədən narazıdırlar və onların istək-tələbləri nədən ibarətdir?
Aydın Məmmədov tikinti sahəsində çalışır, ailəlidir, gəlirləri isə yüksək deyil. Bununla belə, qazancının yarısını kirayədə yaşamaq üçün başqasının evinə yatırır: "Müxtəlif sosial proqramlarla maraqlanmışam, bu proqramların heç biri mənim üçün əlçatan deyil. Mənzil İnşaatı Dövlət Agentliyinin təklif etdiyi mənzillər yalnız müəyyən təbəqə üçün bazara çıxarılıb. Kirayə Mənzillər layihəsində isə aylıq ödənişin ən azı 12 misli tələb olunur".
Kirayə Mənzil layihəsində 25 illik kreditlə Bakı şəhəri, Nizami rayonunda 108.2 kv metr 2 otaqlı mənzil sahibi olmaq istəyənlər ilkin ödəniş olaraq 10485.72 AZN ödəməli olacaqlar. Qeyd olunan mənzilə görə aylıq kirayə haqqı isə 873.81 AZN təşkil edir.
Həmin layihədə kvadrat, otaq sayına görə aylıq qiymətlər isə ümumilikdə belə dəyişilir:
1 otaqlı 76.30 kv.m – 616.19 manatdan;
2 otaqlı 102.80 kv.m – 830.20 manatdan;
3 otaqlı 136.60 kv.m – 1103.17 manatdan;
4 otaqlı 187.45 kv.m – 1513.83 manatdan başlayır.
Digər vətəndaşlar da ilkin ödəniş, faizlərin, həmçinin mənzillərin qiymətinin yüksək olmasından şikayətçidirlər.
Qeyd edək ki, bu günə olan məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 36 min 228, verilmiş ipoteka kreditləri üzrə ümumi məbləğ isə 1 956 274 726 AZN təşkil edir.