NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Fitch"dən SOCAR-la bağlı müsbət proqnoz

Reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini Azərbaycanın suveren reytinqinə uyğun səviyyədə (BB+/Stabil) təsdiq edib.
Sputnik Azərbaycan bu barədə agentliyə istinadən məlumat verir.
Qeyd olunur, reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi barədə məlumatlara əsaslanıb. Eyni zamanda şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti əsas götürülüb.
"Fitch" reytinqində SOCAR-ın müstəqil kredit profili (SCP) "b+" səviyyəsində qiymətləndirilir.
"SOCAR-ın 2020-ci ildə nəticələri zəif beynəlxalq neft qiymətlərinə baxmayaraq kifayət qədər güclü olub. Şirkətin bu il, daha yüksək beynəlxalq neft qiymətləri və 2021-ci ilin yanvar ayından etibarən tənzimlənən yanacağın qiymətlərinin artması ilə gəlirlərini bərpa edəcəyi gözlənilir", - deyə agentliyin açıqlamasında deyilir.
Eyni zamanda agentlik qeyd edir ki, kəşfiyyat və hasilat seqmenti SOCAR-ın əsas mənfəət mənbəyidir.
"Azərbaycanda neft-qaz layihələrinin əksəriyyəti məhsul bölgüsü barədə sazişlərə uyğun reallaşdırılır. Bu sazişlərdə SOCAR dövləti təmsil etməklə minoritar paya sahibdir. Bununla yanaşı, SOCAR "Cənub Qaz Dəhlizi" kimi dövlət tərəfindən təşviq olunan iri enerji layihələrində paya sahibdir", - hesabatda vurğulanır.