BAKI, 20 noyabr - Sputnik. Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçılığı ilə drift üzrə Bakı kuboku yarışı keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ən yüksək nəticə göstərən Fəxri Gülməmmədov kubokun sahibi olub. Tədbir çərçivəsində avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar” və sportkarla "burnout” və drift şouları təqdim olunub.
Əsas məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyənləşdirilməsidir.
Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində, yol təhlükəsizliyinin artırılmasına da töhfə verir.
Drift yarışının keçirilməsinə, eyni zamanda, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı Şəhər Halqası təşkilati dəstək göstərib.
Yarış iştirakçılarını "Drift All Stars European Series” promouteri Nayl Qann, eləcə də Bəhreyn Avtomobil Federasiyasından dəvət olunmuş hakimlərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Qeyd edək ki, bu gündən etibarən Azərbaycan Avtomobil Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçılığı ilə yaradılmış drift məktəbi də fəaliyyətə başlayıb. Bu idman növü ilə maraqlananlar üçün drift üzrə dərslərə qəbul elan olunur.