CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ard-arda iki zəlzələ olub - FHN açıqlama verdi

Sputnik
BAKI, 20 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - qurumun məlumatında deyilir.
-----------
19:19
Bu gün Şamaxıda, Pirqulu yaxınlığında ikinci zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km olub.
-----------
17:38
Şənbə günü, yerli vaxtla 16:46-da Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycan Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmətinin direktoru Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələnin episentri Şamaxı rayonunda, Pirquludan 20 km cənubda olub. Yeraltı təkanların dərinliyi 42 km olub.
3-4 bal gücündə təkanları ölkənin müxtəlif regionlarında - Bakı, Sumqayıt, Quba, Şamaxı, Ağsu, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər rayonlarda hiss ediblər.